Gürcüstanda azərbaycanlılar yaşayan kənddə qarşıdurma – Xüsusi təyinatlılar kəndə yeridildi
Rustaveli prospektində bu gün həlak olan azərbaycanlı gənclərin xatirəsi yad olunacaq.
Dekabrın 30-u Gürcüstanın Bolnisi rayon Naxiduri (Arıxlı) kəndi ərazisində avtomobil 15 yaşlı iki yeniyetməni vurub. Hadisə nəticəsində Elçin Binnətov və Sinan Şərifov ölüb.
Hadisə yerinə gələn polislə sakinlər arasında qarşıdurma yaşanıb. Buna səbəb təcili tibbi yardım briqadasının vurulan gənclər əvəzinə, hadisəni törədən şəxsi ərazidən çıxarmağa cəhd etməsi olub.
Kənd sakinləri 24news.ge-ə bildirdiklərinə görə, qəzanı törədən sürücü sərxoş olub və gəncləri vurandan sonra, maşından düşərək ətrafdakı insanlara yaxşı etdiyini, daha sonra isə onların ünvanına nalayiq ifadələr işlədib ki, bu da sakinlərin hiddətinə səbəb olub.
Aktual.ge-nin məlumatına görə, sərxoş sürücü daha sonra hadisə yerindən uzaqlaşmağa cəhd etsə də, buna nail ola bilməyib. Hadisə yerinə çox sayda yerli sakin toplanıb və onun qaçmasına icazə verməyib. İddialara görə, sürücü yerli sakinlərin üzərinə bıçaq çıxarıb və onları hədələyib. O da bildirilir ki, Bolnisidən Marneuli istiqamətində hərəkətdə olan bir neçə avtomobil sürücüsü sərxoş sürücünü müdafiə etməyə çalışıb. Bu zaman yerlilər ilə onu müdafiə etməyə çalışanlar arasında fiziki qarşıdurma baş verib.
Sərxoş sürücü təcili yardım maşınına sığınıb, həmin maşını isə yerlilər aşırıblar. Bu vaxt sürücü hadisə yerindən qaçmağa nail olub. Daha sonra hadisə yerinə çox sayda polis qüvvəsi, o cümlədən Xüsusi Təyinatlılar cəlb olunub.
Bolnisi təcili yardım xidmətinin tibb bacısı Ana Abramişvili AzadlıqRadiosuna bildirib ki, yerli sakinlər “həkimlərin döyülən sürücünü xilas etmək istədiklərini düşündükləri üçün” təcili yardıma aqressiv yanaşıblar:
“Bir qrup insan təcili yardımı silkələməyə başlayanda o biri qrup briqada üzvlərini maşından çıxardı, yoxsa bilmirəm nə olardı. Beləcə briqada üzvləri sağ qaldı, onlara heç kim fiziki toxunmadı. Lakin tibb bacılarından biri hamilə idi və o, ağır psixoloji gərginlik keçirdiyi üçün onu evə buraxdıq”.
Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanları tərəfindən Marneuli-Bolnisini birləşdirən yolda yol-nəqliyyat hadisəsini törətmiş sürücü 2003-cü il təvəllüdlü T.Ç saxlanılıb. Adıçəkilən şəxs idarə etdiyi avtomobildə 4 nəfər sərnişinlə yolda hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş verib, nəticədə iki yeniyetmə piyada, onlardan biri yerində, digəri isə tibb müəssisəsində həyatını itirib. Faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq aparılır.
Yerli sakinlər toqquşmada iştirak edən avtomobili və təcili yardım briqadasının avtomobilini aşırıblar. Həmçinin digər vətəndaşların avtomobillərini zədələyərək sındırıblar. Bildirilir ki, sakinlər magistral yolda nəqliyyat vasitələrinin hərəkətinə imkan verməyib, həmçinin hüquq-mühafizə orqanları əməkdaşlarının istintaq hərəkətləri aparmasına və təcili tibbi yardım briqadasına mane olublar. Nazirlikdən qeyd olunur ki, vəziyyəti sabitləşdirmək üçün Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin nümayəndələri, o cümlədən patrul, kriminal və xüsusi təyinatlı idarələrinin əməkdaşları dərhal hadisə yerinə cəlb ediliblər. Qarşıdurma nəticəsində Daxili İşlər Nazirliyinin bir neçə əməkdaşı, eləcədə 9 vətəndaş müxtəlif xəsarətlər alıb, onlara müvafiq tibbi yardım göstərilib. Bolnisi xəstəxanasından bildirilib ki, yol-nəqliyyat hadisəsindən sonra yaranan qarşıdurmada yaralananlardan ikisinin vəziyyəti ağırdır və onlar Tbilisiyə aparılıb.
Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlıları hazırda Bolnisinin mərkəzi klinikasının yanında yerləşdirilib.
DİN həm də Cinayət Məcəlləsinin 187, 126 və 353-cü maddələri ilə əmlaka ziyan vurma, polis əməkdaşlarına müqavimət göstərmə və zor tətbiq etmə faktları üzrə araşdırma aparıldığını bildirir.
Telegram-kanallarının yaydığı məlumata görə, bu gün saat 19:00-da Bolnisidə qəzada həlak olan oğlanların xatirəsini yad etmək istəyənlərin hamısı Rustaveli prospektində Parlament binası qarşısına toplaşacaq.
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili də artıq baş verən faciə ilə bağlı yazıb:
“Naxiduri kəndi yaxınlığında həlak olan gənclərin ailələrinə başsağlığı verirəm”. (Meydan.tv)