“Toyda ifa edirlər, özbaşnalıqdır…” – milli musiqi alətlərimizə müdaxilə edənlər kimlərdir? – FOTO+ÖZƏL
Son günlər sənətkarlarımız klassik musiqi alətlərinə olunan müdaxilələrdən şikayətlənir. Xüsusilə də tara, kamançaya həddindən artıq pərdələr əlavə edilir.
Əməkdar İncəsənət xadimi, kamança ifaçısı, professor, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Arif Əsədullayev Moderator.az-a açıqlamasında bildirib ki, bunu edənlər qeyri-peşəkar musiqiçilərdir.
“Əslində bu xalqın mədəniyyətidir. Musiqi sadəcə gedib toyda çalıb, pul qazanmaq üçün deyil. Bu bizi dünyada təqdim edən şəxsiyyət vəsiqəsi, pasportdur. Klassik musiqidən hamı qaçır. Niyə görə? Çünki kimin ağlına nə gəlir, onu da ifa edir. Fars, musiqisindən tutmuş hind musiqisinə qədər. Bu axı bizim klassikamız deyil. Son illərdə tar və kamança ifaçılarımız müəyyən pərdələri artırırlar, azaldırlar. Bizim musiqiçilərimiz 20 senti eşitmirlər, o yana qalsın, üstəlik də 50 sent olmalıdır, bunlar edirlər 45 sent, bir az barmaqlarını dala çəkirlər. Muğam dəqiq elmlər siyahısına daxildir, 100-də100 musiqiçi çox azdır. İfa etdiyini yaza bilmirsən, amma toyda gedib ifa edəndə kamançaya, tara pərdələr əlavə edirsən. Tarın pərdəsini zilləşdirirsən, bəmləşdirirsən. Bu axının qarşısını bu gün almasaq, 15-20 ildən sonra Azərbaycan musiqisindən əsər-əlamət qalmaz” deyə sənətkar bildirib.
Arif Əsədullayev kamança aləti ilə 20-yə yaxın muğamı nota alıb. Bu isə xanəndələr üçün lazımlı dərs vəsaitidir.
“Mən bu günə qədər 19 muğam nota yazmışam, bir də “Kərəmi” zərb muğamını. Bu muğam sonuncu dəfə 1915-ci ildə ifa olunub. Muğamı nota yazmaq üçün gərək muğamı yaxşı biləsən, yaxş ifaçı olasan. İkincisi də nəzəriyyəni bilməlisən, musiqi savadın olmalıdır ki, onu nota köçürəsən. Azərbaycan musiqisini nota salıb saxlamaq borcumuzdur. Yoxsa bunun mənfi tərəfini bizim gənclər, bugünki musiqi ilə məşğul olanlar itirəcəklər. Qonşularımız götürüb muğamlarımızı bizdən də yaxşı ifa edirlər. Bunun qarşısı alınmalıdır, əcdadlarımızdan bu bizə qalan mirasdır” deyə sənətkar bildirib.
- Tacxeber.com