• 05 Yanvar 2025 01:47

İqtisadçıdan Tarif Şurasına SƏRT SÖZLƏR: “Təzyiq altında qərar qəbul edirlər və…”

Xəbər verdiyimiz kimi Azərbaycanda bir sıra kommunal xidmətlər üzrə yeni qiymətlər müəyyənləşdirilib. Qazın və elektrik enerjisinin qiymətləri artıb. Bununla yanaşı, digər xidmətlərdə də qiymət artımı öz əksini tapıb.

 

Bu dəyişikliklər və onların iqtisadi təsirləri barədə Moderator.az-a danışan iqtisadçı Elçin Rəşid bildirib ki, Tarif Şurası hesablama aparmaq qabiliyyətinə malik deyil:

 

“Tarif Şurası qərarlarını əsasən kommunal xidmət göstərən şirkətlərin təsiri və təzyiqi əsasında qəbul edir. Həmin şirkətlər isə fəaliyyətlərini şəffaf qurmadığından, hər hansı dəqiq hesablama aparmaq mümkün deyil. Bu əsasda həmin şirkətlər qeyri-şəffaflıq korrupsioner transaksiyaların baş verməsini mümkün edirlər. Həmin qurumlar qeyri-şəffaf fəaliyyətlə xərclərini şişirdərək süni kəsir yaradırlar və bu kəsirin dövlət büdcəsi tərəfindən maliyyələşdirilməsinə nail olurlar. Hər dəfə də bunun əsasında qiymətlərin artırılması zərurəti irəli sürülür. Maliyyə Nazirliyi və digər dövlət qurumları bu vəziyyəti qəbul edir və nəticədə qiymətlərin artırılmasına şərait yaradılır. Təzyiqlər altında qəbul edilən qərarlar iqtisadi hesablamalardan deyil, siyasi proseslərdən asılıdır. Bu vəziyyətdə yeganə hesablanabilən durum budur: qiymətləri neçə faiz artırsaq, gələn il büdcə kəsirini necə maliyyələşdirə bilərik? Belə qərarlar iqtisadi əsaslara deyil, tamamilə siyasi məqamlara söykənir. İqtisadi analiz və metodologiya arxa planda qalır, nəticədə şəffaflıqdan uzaq proseslər davam edir. Odur ki, ölkədə iqtisadçılardan daha çox daxili siyasəti öyrənən siyasətçilərin olması faydalı olardı. Onlar hazırkı daxili siyasi vəziyyəti analiz edərək belə suallara cavab tapa bilərdilər: ölkədə vəziyyət necədir, kim qərar qəbul edir, kimlərdən asılıdır, narazılıq yaradan amillər hansılardır, kimlər bu proseslərdən qazanır, kimlər itirir? Hazırkı siyasi və iqtisadi qərarların arxasında duran motivlər və təsir mexanizmləri məhz bu cür yanaşmalarla aydınlaşdırıla bilər”.

 

“Maaş artımları məsələsində isə inflyasiyaya diqqət yetirilməlidir. Ölkədə ciddi inflyasiya fonunda maaş artımları nominal rəqəmlərlə təqdim edilir, yəni inflyasiyanın təsiri nəzərə alınmır. Halbuki, beynəlxalq iqtisadi metodologiya maaş artımlarını real rəqəmlərlə göstərməyi tələb edir. Real rəqəmlər əsasında hesablandıqda maaşların artımı, əslində, təqdim edilən qədər yüksək görünmür”,- deyə iqtisadçı şərh edib.

Tacxeber.com

Oxşar xəbərlər