Finlandiya Rusiya neftini daşıyan tankerin müsadirəsini tələb edir
Finlandiyanın milli enerji şəbəkəsi operatoru “Fingrid” keçən ay Baltik dənizində elektrik kabelinə ziyan vurmaqda şübhəli bilinən neft tankerinin hüquqi müsadirəsi üçün məhkəməyə müraciət edib.
Tacxeber.com xəbər verir ki, “Fingrid” bəyanatında bildirib ki, yeraltı “Estlink 2” elektrik xəttinin sıradan çıxarılması ilə bağlı maddi iddiasını təmin etmək məqsədilə Helsinki Rayon Məhkəməsinə müraciət edib. “Eagle S” neft tankerinin müsadirəsi tələb olunur.
Sözügedən tanker dekabrın 25-də Finlandiya hökumət orqanları tərəfindən saxlanılıb. Tanker Finlandiya ilə Estoniya arasındakı elektrik kabeli və telekommunikasiya xətlərinə ziyan vurmaqda şübhəli bilinir.
Yanvarın 2-də Finlandiyanın Nəqliyyat və Kommunikasiya Agentliyi tankerdə müstəqil texniki yoxlama işlərinə başlayıb. Bu yoxlama hüquq-mühafizə orqanlarının istintaqından ayrı aparılır.
Finlandiya polisi tankerin ekipajının qeyri-müəyyən müddətə saxlanıldığını bildirib. “Euronews” telekanalı bildirib ki, Finlandiyanın Mərkəzi Kriminal Polisi istintaqla əlaqədar “Eagle S”in 24 nəfərlik ekipajının 8 üzvünün hərəkətinə məhdudiyyət qoyub.
Sözügedən tanker təhqiqat yekunlaşana qədər Baltik dənizindəki Finlandiya sularında saxlanılıb. Finlandiya Gömrük Xidməti bildirib ki, Rusiya limanından yola düşən “Eagle S” tankeri Rusiya neftinə sanksiyalardan yayınmaq məqsədilə istifadə edilən kölgə donanmasına aid ola bilər.
Tankerin sahibi, Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Caravella LLC FZ” şirkəti, Finlandiya hakimiyyətindən tankerin sərbəst buraxılmasını tələb edib. Şirkət bu günə qədər “Fingrid”in müsadirə tələbinə cavab verməyib.
Moskva isə Finlandiyanın tanker müsadirə etməsinin Rusiyaya aid bir məsələ olmadığını bəyan edib.
NATO “Estlink 2” kabelinə vurulan ziyan fonunda Finlandiya və Estoniyanın tələbi ilə bölgədə hərbi mövcudluğunu gücləndirəcəyini açıqlayıb. 2022-ci ilin fevralında Rusiya Ukraynanı işğal etməyə başlayandan bəri Baltik dənizində oxşar insidentlər baş verir.
“Fingrid” şirkətinin rəsmisi AFP-yə bildirib ki, şirkət yanvarın 3-dən kabeli yenidən təftiş edəcək, ziyanın miqyası müəyyənləşdirildikdən sonra təmir işlərinə start veriləcək. İlkin ehtimallara görə, təmir on milyonlarla avroya başa gələcək.
Finlandiyanın milli enerji şəbəkəsi operatoru ötən həftə bildirmişdi ki, “Estlink 2” kabelinin avqustda yenidən fəaliyyətə başlayacağı gözlənilir.
Ekspertlər və siyasətçilər Rusiyanın Qərb ölkələrinə qarşı “hibrid müharibə”sində enerji və rabitə infrastrukturunun əsas hədəflər arasında olduğunu bildirirlər. (Azadliq.org)