“Şiə qardaşlarımız” və digər islamçılar İsraili məğlub edə bilməyib” – Aleksandr Duqin
“HƏMAS öz mübarizəsinə “Mossad”ın rəhbərliyi altında başlayıb, Netayahuya da elə bu lazım idi…”
Məşhur rusiyalı filosof və politoloq, ABŞ mətbuatında tez-tez “Putinin beyni” adlandırılan Aleksandr Duqin Yaxın Şərqdəki son hadisələrlə bağlı açıqlama verib.
Tacxeber.com xəbər verir ki, bu barədə o, özünün Telegram-kanalında yazıb. Məlumatı “cursorinfo.co il” nəşri yayıb.
Duqin bildirib ki, 2024-cü ildə Rusiyanın “strateji müttəfiqləri və qardaşları” olan şiələr İsrailin timsalında kollektiv Qərb tərəfindən ciddi məğlubiyyətə uğradılıb.
“Yəmən husiləri özlərini ən yaxşı tərəfdən göstərib və hələ də var gücü ilə mübarizə aparır və bu, belə də olmalıdır. Təəssüf ki, digərləri uğur qazana bilməyib,” – Duqin qeyd edib və əlavə edib ki, “Hizbullah”ın livanlı dostları və qəhrəmanları şəhidlərdir.”
“Amma bəyəm son döyüşə daha yaxşı hazırlaşmaq mümkün deyildi? Görünür, HƏMAS öz ümidsiz mübarizəsinə heç bir məsləhətləşmələr aparmadan və əksinə, “Mossad”ın rəhbərliyi altında başlayıb. Netanyahuya bu lazım idi və o, istədiyini əldə edib. Bəs Müqavimət hərəkatı harada idi?” – deyə rusiyalı filosof sual edib.
O bildirib ki, İsrailin Qəzzadakı hərbi kampaniyasının başlanğıcından dərhal sonra yəhudi dövlətinin üzərinə “İslam qüvvələrinin gücünü” göstərmək lazım idi”.
“Və bu, Yəmən husiləri istisna olmaqla, demək olar ki, baş verməyib. İsrail Qəzzanı məhv edib və Livana hücum edib. Bəs Livan bu müddət ərzində harada olub? Nəsrullahın öldürülməsini, yoxsa “Mossad”ın partlayıcı ilə dolu peycerləri işə salmasını gözləyib? Bu, əsl iflasdır”, – Duqin təəssüfünü gizlətməyib.
Daha sonra o, Suriyadakı dövlət çevrilişi haqqında danışmağa başlayıb: “Və yenə də İsrail öz məqsədinə çatır, amma Müqavimət hərəkatı heç bir şey əldə edə bilmir. Əl-Culani indi dünyanın kameraları qarşısında parlayacaq, sonra isə dəhşətli müharibə və İsrailin uğurları davam edəcək. Şiə qüvvələri və bizimkilər çıxarılıb. Amma bu bizim müharibəmiz deyil. Bizim müharibə Ukraynadadır. Bu isə sizin, İslamın müharibəsidir və siz onu uduzursunuz.”
“Putinin beyninin” fikrincə, İran da özünü yaxşı tərəfdən göstərə bilməyib. “İsraillə döyüşə heç kim hazır olmayıb. Ayətullah Xomeyninin vəsiyyətləri, görünür, unudulub. Halbuki indi məhz həmin o son döyüşdür,” – deyə Duqin qeyd edib və İranda keçmiş prezident Rəisinin aradan götürülməsinin “görməzdən gəlinməsini” tənqid edib.
“2024-cü ildə İslam dünyası özünü çox da yaxşı göstərməyib. 2025-ci ildə sionistlər Əl-Əqsanı partlatmağa hazırlaşır. Əgər belə davam etsə, onlar bunu sakit və əminliklə edəcək və yalnız şiələr buna etiraz edəcək”, – o, deyib.