• 05 Yanvar 2025 07:56

Yeni Orleandakı terror olayı ilə Las-Veqasdakı partlayış arasında bağlantı araşdırılır

"Tesla Cybertruck" "Trump Las Vegas" otelinin qarşısında partlayıb.

ABŞ hakimiyyəti Yeni Orleanda yük maşınının yolötənlərə çarpmasıyla Las-Veqasdakı “Trump International” otelinin önündə “Tesla Cybertruck” elektrik avtomobilinin partladılması arasında mümkün bağlantını araşdırır. Bu bilgini dilə gətirən prezident Co Bayden hüquq-mühafizə orqanlarının əlində, hələlik, bunu təsdiqləyən hər hansı sübutun olmadığına diqqət çəkib.

 

Bayden deyib ki, şübhəli şəxs Yeni Orleanda avtomobilin ölümcül toqquşmasına cəmi bir neçə saat qalmış sosial şəbəkələrdə video yerləşdirib və həmin videoda onu terror olayına həvəsləndirənin “İslam Dövləti” (İŞİD) olduğunu söyləyib.

 

Prezident bunu da deyib ki, həmin video da o şəxsin öldürmək arzusunu göstərir. O, bilgini Federal Təhqiqat Bürosundan (FTB) aldığını diqqətə yetirib.

ABŞ-nin cənubunda, Luiziana ştatının Yeni Orlean şəhərində yük avtomobilinin şəhər mərkəzində Yeni ili qeyd edən çox sayda insanla toqquşması nəticəsində, azı, 15 adam ölüb, 30 adam da yaralanıb. Yük maşınının sürücüsü polisə də atəş açıb. Atışmada iki polis yaralanıb.

Təqsirləndirilən şəxs ABŞ vətəndaşı, 42 yaşlı Texas sakini, Amerika ordusunun veteranı Şamuddin Cabbardır. Rəsmilərin dediyinə görə, o, polislə atışmada yerindəcə öldürülüb.

 

“Amerikanın səsi”nin bildirdiyinə görə, federal hökumət və Yeni Orleanın yerli hüquq-mühafizə orqanları Cabbarın təkbaşına hərəkət etmədiyini, onunla iş birliyində olanların axtarıldığını açıqlayıb. FTB Cabbarın sürdüyü maşında “İslam Dövləti” bayrağı olduğundan bu olaya mümkün terror aktı kimi baxır. Yük maşınında əldəqayırma bombalar və onları idarəetmə pultu da tapılıb.

 

Səbəbi hələ bilinməyən partlayış

Yanvarın 1-də Las-Veqasda ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa məxsus otelin önündə elektrikli “Tesla Cybertruck” yük avtomobilinin partlaması nəticəsində, azı, bir nəfər ölüb və yeddisi də yaralanıb.

 

“ABC News”un xəbərinə görə, partlayışın səbəbi hələ dəqiqləşdirilməyib, ancaq avtomobilin içərisində alışdırıcı maddələr və benzinlə dolu kanistrlər tapılıb. İstintaq həlak olmuş sürücünün partlayışı bilərəkdən törədib-törətmədiyini aydınlaşdırır.

Polis partlayışın səbəbini öyrənməklə bağlı işlərin hələ də davam etdiyini bildirib. “NBC” və “CBS” televiziya kanalları da daxil, ABŞ mediasının bildirdiyinə görə, hakimiyyət adlarını açıqlamadığı qaynaqlara dayanaraq olaya mümkün terror aktı kimi yanaşır.

 

Azərbaycan XİN hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) hücumu pisləyib. Bu barədə XİN-in sosial media hesabında paylaşım edilib:

“Birləşmiş Ştatların Nyu-Orlean şəhərində onlarla insanın ölümünə və yaralanmasına səbəb olan iyrənc avtomobil hücumunu şiddətlə qınayırıq. Düşüncələrimiz, dualarımız qurbanlar və onların ailələri ilədir. Biz bütün forma və təzahürlərində terrorizmin bütün əməllərini…birmənalı şəkildə pisləyirik”. (Azadliq.org)

 

Tacxeber.com

Oxşar xəbərlər