Elnarə Qasımova: “Ölkədə vətəndaşların hüquqları necə pozulursa, Təcridxanada saxlanılan şəxslərin hüquqları da elə tapdalanır”
“Abzas Media”nın həbsdə olan əməkdaşı Elnarə Qasımova saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından ictimaiyyətə məktub ünvanlayıb. Jurnalist məktubunda təcridxanada qadın məhbusların məruz qaldıqları hüquqsuzluqdan, fiziki və psixoloji zorakılıqlardan, qeyri-insani rəftardan söz açıb.
Tacxeber.com olaraq mətni olduğu kimi təqdim edirik:
“1 saylı Bakı İstintaq Təcridxanasının (BİT) idarəçilik sisteminin Azərbaycanın idarəçilik üsulu ilə oxşar tərəfləri çoxdur. Necə ki, ölkədə vətəndaşların hüquqları pozulur, eləcə də BİT-də saxlanılan şəxslərin hüquqları tapdalanır. Qanunla azadlıqları əllərindən alınmış bu şəxslər həm də müəssisədə qanunsuz məhrumiyyətlərlə üzləşir. Bir çox xüsusiyyəti ilə 21-ci əsrdə olduğumuzu unutduran bu təcridxanada şəraitsizliklə yanaşı, hüquq pozuntuları hökm sürür. Müəssisənin rəhbəri Elnur İsmayılovun da dediyi kimi, bura yazılı olmayan qanunlarla idarə olunur.
Bəs məhbusların yazılı qanunlarda göstərilən hansı hüquqları pozulur? Onlardan bir neçəsini qeyd edəcəm.
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqda” Qanunun 4-cü maddəsinin 3-cü bəndində yazılıb: “Həbs yerlərinin fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir”. Yəni, məhbusların insan hüquqlarının pozulması ilə müşayiət edilən şəraitdə saxlanılması vəsaitin çatışmaması ilə şərtləndirilə bilməz. Müəssisədə məhbuslara çatmalı olanların yoxluğu məhbusların problemi deyil. Bu çatışmazlıqları aradan qaldırmaq müəssisə rəhbərinin öhdəliyindədir.
“Abzas Media”da daha əvvəl yayımlanan yazıdakı problemlər hələ də olduğu kimi qalır. Qadın məhbuslar hələ də onlara çatmalı olan mal və məhsullarla təmin edilməyib. Görünür, bayramlarda təbrik məktubunun yanında görüdönüş etsinlər deyə boş A4 vərəqi göndərdiyi qadın məhbusların onun rəhbərlik etdiyi müəssisələrdəki taleləri Elnur İsmayılovu çox da maraqlandırmır.
{Maddə 15.1.3.} – Bu qanunun 15-ci maddəsinin 1.3.-cü bəndində məhbusların hüquqlarından biri kimi qeyd edilir: “Həbs yerlərinə qəbul etdikdən sonra və həbsdə saxlanılma zamanı Azərbaycan hüquq və vəzifələri daxili intizam qaydaları, o cümlədən həbs yerlərində rejim təkliflərin, ərizələrin və şikayətlərin verilməsi qaydası ilə yazılı şəkildə onlara aydın olan dildə tanış olmaq, bu barədə yazılı məlumatı özündə saxlamaq”.
BİT-də bu hüququmuz da pozulur. Ünsiyyətdə olduğum digər məhbus qadınlar da daxil olmaqla, heç birimizə həmin bənddə qeyd edilən məlumatlar, o cümlədən “Daxili intizam qaydaları” təqdim edilmir.
14 noyabr 2024-cü il tarixində isə tanış edilmədiyim daxili qaydaları pozmaqda ittiham edilirdim. Bununla bağlı söhbətdə müavin Əhəd Abdiyevdən həmin qaydaları istəyəndə heç bir müsbət nəticə əldə etmədim. Müavin sonrakı günlərdə qeyd etdi ki, qaydaların yalnız məhbuslara aid hissəsini verə bilər. Yəqin əməkdaşların əlavə qayda pozuntularını görməyək deyə. Bu qaydalar məhbuslara “rəva görülmür”.
{Maddə 15.1.22} – Həbs edilmiş şəxslərin “Psixoloji yardım haqqında” Qanunla müəyyən edilmiş qaydada ödənişsiz yardım almaq hüququ var. BİT-ə gətirildiyim ilk günlərdə psixoloji narahatlığımın olub-olmamağı ilə maraqlanan, lazım olsa ona müraciət edə biləcəyimi deyən pxisoloq Təranə Quliyeva ilə tanış oldum. Lakin sonrakı günlərdə vəkillə görüşə, məhkəmələrə gedib gələndə üzərimizi axtaran, koridorda digər qadın məhbuslara necə qışqırdığını eşitdiyimi bu əməkdaşa psixoloji yardıma ehtiyacım yaranarsa, psixoloq kimi müraciət etməməli olduğum qənaətinə gəldim. Psixoloq otağı isə psixoloji xidmətdən daha çox digər məsələlərə “ev sahibliyi” edir. Qadınların müxtəlif əməkdaşlar tərəfindən təhdid edilməsi, onlardan pul götürülməsi və sairə.
{Maddə 19.7} – Bu qanunun 19-cu maddəsinin 7-ci bəndinə əsasən, həbs edilmiş şəxslərin həftədə iki dəfə (hər biri) 15 dəqiqəyədək müddətdə telefonla danışmaq hüququ var. Lakin həm telefon növbəsində gözləyərkən müşahidə etdiklərimə, həm də qadınlarla söhbət zamanı dediklərinə əsasən, onların əksəriyyəti yalnız 10 dəqiqə danışdırılır və əməkdaşların təkidilə 10-cu dəqiqədə telefondan qalxmaq məcburiyyətində qalırlar. Telefon dəftərçəsinə isə çox vaxt məhbusların yerinə özləri imza atan əməkdaşlar onların danışıq müddətini 15 dəqiqə qeyd edir. Üstəlik telefonların qoyulduğu masa nəzarətçilərin masasının çox yaxınındadır. Qadın məhbuslar demək olar ki, nəzarətçilərlə dib-dibə oturaraq telefonla danışmaq məcburiyyətində qalır. Halbuki telefon danışıqları üçün kabin ayrılmalı və bu, əməkdaşların masasından aralıda olmalıdır. Əməkdaşlar həmçinin qadın məhbuslar telefonla danışarkən dəstəyi qaldırıb zəngdə danışılanlara qulaq asırlar və bunu açıq-aşkar edirlər. Əgər monitorinq aparılsa (çox güman) ortaya çıxar ki, Baş Prokurorluq, Ombudsman və sair qurumların qaynar xəttinə BİT-in qadın korpusundan çox az zəng daxil olub. Səbəb isə belə zənglərdən xəbər tutduğu zaman əməkdaşların çox vaxt buna icazə verməməsidir. Məsələn, öz işilə bağlı Prokurorluğun qaynar xəttinə yığan qadının telefonunu xəbər tutduqları an kəsdiklərinin şahidi olmuşam. Vəkillərlə telefon danışıqları isə ümumiyyətlə qadağan edilə bilməz. Lakin müəssisə rəhbəri Elnur İsmayılovun göstərişi ilə bizə qarşı bu qanunsuz qadağa hələ də davam edir.
{Maddə 28} – Etik davranışa uyğun rəftar – “Həbs yerlərinin işçiləri tutulmuş və ya həbs edilmiş şəxslərlə münasibətdə nəzakətli olmalıdırlar. Tutulmuş və ya həbs edilmiş şəxslərə qarşı təhqiramiz hərəkətlərə yol verilməsi qadağandır”.
Qadın məhbuslar ayrıseçkiliyə məruz qalır. Əksər əməkdaşlar məhbuslarla kobud və ya alçaldıcı formada danışır. Bəzən isə məhbuslar psixoloji və ya fiziki zorakılıqla üzləşir və bunu edən əməkdaşlar əməllərinə görə cavab vermir, işlərinə davam edirlər. Qadınlar üçün təhdid hesab edilən Ədalət Qurbanovun 14 noyabrdan sonra yenidən qadın korpusunda işinə davam etməsi kimi. Ədalət Qurbanov qadın məhbuslardan birini döymüşdü.
Bundan əlavə, BİT-in əməkdaşları dəyənək və qandalları qanunun (Maddə 45.2.1 və Maddə 45.2.2) nəzərdə tutduğu halların qarşısını almaqdan çox, təhdid vasitəsi kimi istifadə edirlər. “Əsaslandımaları” isə o olur ki, “o dəyənək əməkdaşlara elə-belə verilməyib”.
Bunlar BİT-də saxlanılan qadınların pozulan hüquqlarının sadəcə bir hissəsidir. Onlar hüquqlarının pozulmasına etiraz edəndə təcridxana işçilərindən çox vaxt bu cavabı eşidirlər: “Mən xahiş etmişdim cinayət törədib tutulasan?” Bu cümlədə növbəti hüquq pozuntusuna yol verilir. Təcridxanada saxlanılan şəxslər hələ apellyasiya məhkəməsi bitməyən insanlardır. Məhkəmə qərarı qüvvəyə minmədən heç kimə cinayətkar demək olmaz. Bu, təqsirsizlik prezumpsiyasının pozuntusudur. Amma bu pozuntu təcridxana işçilərini qayğılandırmır. Onlar qapalı yerdə həbs edilmiş şəxslərlə istədikləri kimi davranacaqlarını düşünürlər. Bu əminliyi onlara nəzarətsizlik verir.
Ədliyyə naziri Fərid Əhmədov bu il təcridxanaya gələndə qadın korpusuna baş çəkmədi. Nəzarətçilər isə qadınları tənbeh edirdilər ki, qapıları döyməsinlər. Qapılar döyülsə belə, nazir bu səsləri eşitməyəcək qədər yolunu uzaqdan salmışdı.