AXCP-yə maddi dəstək olan iş adamının qohumlarının əmlakı müsadirə edilib
Elturan Rüstəmli: “Azərbaycan hakimiyyəti “müsadirə” adı altında soyğunçuluq həmlələrinə start verib”
Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmlinin qohumlarının adına olan bir neçə mülk satışa çıxarılıb.
Bu barədə məlumatı Saleh Rüstəmlinin qardaşı oğlu Elturan Rüstəmli yayıb. O bildirib ki, yanvarın 6-dan etibarən dövlət orqanları onlara aid mülkləri satışa çıxarır.
“Bir qədər fasilədən sonra, yanvarın 6-da Azərbaycanın dövlət orqanları tərəfindən bizim ailəyə və yaxın qohumlarımıza qarşı müsadirə adı altında yenidən soyğunçuluq həmlələrinə start verilib. Əvvəlcə atamın adına olan, hazırda yaşadığımız mənzil, əmim Valeh Rüstəmovun yaşadığı babamdan qalma ev və atamın etibarnamə ilə təxminən 10 il əvvəl satdığı mənzil hədəf olub. Həmin mülklərdə yaşayış olduğundan ciddi cəhdlərə baxmayaraq, müsadirənin icrası mümkünsüz olub. İndi isə Gədəbəydə anamın adına olan 5 sot torpaq sahəsi, yenə Gədəbəydə əmim Valeh Rüstəmovun adına olan 24 sot, eləcə də bibim Yeganə Rüstəmovanın adına Novxanı qəsəbəsində olan 10 sot torpaq sahəsi satışa çıxarılıb”, – deyə o qeyd edib.
Saleh Rüstəmov və qohumlarının adına olan daşınmaz əmlakların məcburi qaydada və əvəzi ödənilmədən dövlətin nəfinə müsadirə edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsi 2019-cu il martın 7-də hakim Eldar İsmayılovun sədrliyi ilə hökm çıxarıb.
Prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı olmuş, hazırda Rusiyada yaşayan Saleh Rüstəmov 2018-ci ildə müxalifətdə olan “Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi” haqqında iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.
O, 2022-ci il mayın 27-də prezident İlham Əliyev sərəncamı ilə əfv olunub. (AbzasMedia)