Əziz Orucov: “Bakıda minlərlə qanunsuz tikili var, buna görə kimisə tutublar?”
Yanvarın 8-də Səbail Rayon Məhkəməsində Kanal 13-ün icraçı direktoru Əziz Orucovun məhkəməsi iki saat gecikmə ilə başlayıb. Səbəb dövlət ittihamçısının məhkəməyə gec gəlməsi olub. Hakim Günel Səmədova elan edib ki, bundan sonra məhkəmə prosesində ittihamı yeni təyin olunmuş dövlət ittihamçısı müdafiə edəcək.
Vəkillər yenə Əziz Orucovun barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət təqdim ediblər. Onlar Orucovun ictimai təhlükəliliyi olmadığını əsas gətiriblər. Vəkillər bildiriblər ki, onun həbsdə saxlanılmasının heç bir hüquqi əsası yoxdur.
Əziz Orucov özü də dövlət əleyhinə hər hansı cinayət törətmədiyini, ümumiyyətlə, özünü təqsirli bilmədiyini məhkəmənin diqqətinə çatdırıb: “Mən heç bir ictimai təhlükəli əmələ yol verməmişəm. Hamı kimi torpaq alıb ailəmə ev tikmişəm. Bununla dövlətə hansı zərəri vurmuşam? Bakıda minlərlə qanunsuz tikili var. Buna görə kimisə tutublar? Vətəndaş aldığı torpağı, tikilini sənədləşdirə bilmirsə, nə etməlidir?”
Prokurorsa hakimdən vəsatətin təmin olunmamasını xahiş edib və vəsatət təmin olunmayıb.
Vəkillər təklif ediblər ki, əvvəlcə zərərçəkmiş tərəf və şahidlər dindirilsin, axırda Orucov ifadə versin. Ancaq məlum olub ki, bu iş üzrə zərərçəkmiş qismində tanınan Dövlət Əmlak Komitəsinin nümayəndəsi məhkəməyə gəlməyib, şahidlər də iştirak etmir.
Hakim növbəti məhkəmə iclasını yanvarın 24-nə təyin edib.
Əziz Orucov 2023-cü il noyabrın 27-də qanunsuz tikinti aparmaq ittihamı ilə saxlanılıb. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaqın sonunda qaçaqmalçılıqla bağlı ittiham onun üzərindən götürülüb.
Kanal 13 internet televiziyasının əməkdaşı Şamo Eminov da 2023-cü ilin dekabrında qaçaqmalçılıq ittihamı ilə həbs olunmuşdu, o, ötən ayın sonunda azadlığa buraxılıb.
Əziz Orucov ittihamları rədd edir, jurnalist fəaliyyəti ilə bağlı həbs edildiyini bildirir.
Cinayət Məcəlləsinin 188.2-ci maddəsinin sanksiyasında 1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulur.
Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.