• 09 Yanvar 2025 11:06

İcra başçısının məktəbli QALMAQALINA görə işdən çıxarılan müavini YAP-ın namizədi oldu

Rasilə Əliyeva soyadından imtina edərək “Arifqızı” olub.

 

Lənkəran rayon icra hakimiyyəti başçısının 2023-cü ildə azyaşlı məktəbliyə zorakılıq etdiyinə görə vəzifəsindən çıxarılan sabiq müavini Rasilə Əliyeva (Arifqızı) bələdiyyə seçkilərində namizəd olub.

 

Yeni Azərbaycan Partiyası Lənkəran Rayon Təşkilatının rəsmi “Facebook” səhifəsində bildirilir ki, yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində onun namizədliyi YAP rayon şöbəsi tərəfindən irəli sürülüb.

 

Rasilə Əliyeva 2023-cü ildə vəzifəsindən azad edildikdən sonra məhkəmə qərarı ilə “Əliyeva” soyadından imtina edib, rəsmən Arifqızı soyadına keçib.

Məlumata görə, onun Əliyeva soyadından imtina etməsinin səbəbi adının internet resurslarında uşaq zorakılığında hallanması ilə bağlıdır.

 

İnternet resurslarında Rasilə Əliyeva adlı şəxsi axtarışa verdikdə Lənkəran şəhər 4 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq edilməsi ilə bağlı çoxsaylı xəbərlər çıxır.

Ona internet resurslarında imici ilə bağlı neqativ xəbərlərin çox olması irad tutulduğu üçün soyadını dəyişmək məcburiyyətində qalıb.

 

Rasilə Əliyeva uzun illər pedoqoji sahədə fəaliyyət göstərib.

O, bir müddət Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun müavini olub.

2023-cü ildə Lənkəran şəhər 4 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq etdiyinə görə vəzifədən azad edilib.

 

Bu hadisəyə görə, hətta Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 4 min manat cərimə olunub.

Yeni Azərbaycan Partiyası və Lənkəran Rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək qeyri-mümkün olub. (Meydan.tv)

Tacxeber.com

Oxşar xəbərlər