• 10 Yanvar 2025 05:33

Möhyəddin Orucovun atası: “Qarabağda canımızı qoyuruq, evə gələndə görürük ki, uşaqlarımızı şərləyib həbsə salırlar”

Möhyəddin Orucovun atası: "Qarabağda canımızı qoyuruq, evə gələndə görürük ki, uşaqlarımızı şərləyib həbsə salırlar"

Möhyəddin Orucovun atası, 2-ci qrup Qarabağ əlili Şahəddin Orucov deyir ki, şahid polis nəfəri istintaqa ifadəsində fəalın üzərinə ilkin baxış zamanı narkotik aşkarlanmadığını bildirib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Möhyəddin Orucovun işi üzrə proses qalmaqalla davam edir.

 

Yanvarın 7-də keçirilən iclasda polisin ifadəsi ziddiyət təşkil etdiyindən mübahisə yaranıb. Bu zaman hakim Rasim Sadıxov digər şahidləri dindirmədən iş materiallarının yoxlanılmasına keçmək barədə qərar verib və bu etirazla qarşılanıb.

Möhyəddin Orucovun anası Təranə Orucova deyir ki, elə bu vaxt görüb ki, Penitensiar Xidmətin əməkdaşları oğlunu müttəhimlər üçün nəzərdə tutulmuş şüşə qəfəsin içində küncə sıxıblar.

 

“Zalda olanlar buna etiraz edirdi. Mən də dedim mənim uşağımı niyə belə edirsiniz? Məhkəmənin işçiləri qolumdan tutub məni qapının ağzına kimi sürüdülər. Sonra gördüm ki, hamını bir-bir tutub pilləkəndan çölə atırlar. Bu vaxt Sara adlı qız huşunu itirdi”.

Baş verənləri “Abzas Media”ya danışan Möhyəddin Orucovun atası, 2-ci qrup Qarabağ əlili Şahəddin Orucov deyir ki, şahid polis nəfəri istintaqa ifadəsində fəalın üzərinə ilkin baxış zamanı narkotik aşkarlanmadığını bildirib. Onun sözlərinə görə, həmin şəxs məhkəmədə ifadəsinin bu hissəsini gizlədib və demək istəməyib. Hakimlər də onu müdafiə edib vəziyyətdən çıxartmağa çalışıblar. Elə bundan sonra məhkəmədə gərginlik yaranıb.

 

“Mənim uşağımın günahı yoxdur. Şərlədilər. Heç vaxt narkotiklə əlaqəsi olmayıb. Qarabağa gedib canımızı qoyuruq, evə gələndə görürük ki, uşaqlarımızı şərləyib həbsə salırlar. İndi bu dərd ilə yaşamalıyıq.

Özləri də ittihamda etiraf edirlər ki, bu uşaq heç vaxt narkotikdən istifadə etməyib, satış məqsədi də olmayıb. Özünüz də deyirsiniz satmır, istifadə etmir, bəs necə olub ki, üstündə gəzdirib? Yazıblar ki, ilkin baxışda üstündən narkotik aşkar edilməyib, bundan bir neçə saat sonra ikinci baxış olub, onda aşkar edilib. Biz onu polisdə tapanda gördük ki, növbətçi hissənin qabağında sərbəst gəzir, üstündə narkotik olsaydı, həmin saatlar ərzində bir yana atardı da, özündə niyə saxlayırdı?!

 

Mən hərbçiyəm, güclə də olsa dözürəm. Müharibədə olmuşam, mühasirədə qalıb, çıxmışam. 3 dəfə yaralanmışam. Hazırda əliləm. Mən hər şeyə dözən adamam, amma bu haqsızlığa dözə bilmirəm. Özüm döyüşçü olmuşam, oğlum hərbidə komandir olub, atam Böyük Vətən Müharibəsinin iştirakçısıdır. Belə qəhrəman ailənin oğlunu narkotiklə tutmusunuz. Bu, vicdansız hərəkətdir. Mübarizə aparacağam, bunların qabağında əyilməyəcəyəm. Mən öz ailəmi qoruya bilmirəmsə necə zabitəm, Azərbaycan xalqını necə qoruya bilərəm?!”, – Şahəddin Orucov bildirib.

 

İctimai fəal Möhyəddin Orucov ilk dəfə 2023-cü ilin oktyabrında polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilib. Həbsdən çıxdıqdan qısa müddət sonra polisdə zorakılığa məruz qaldığını bildirib. Elə həmin il dekabrın 13-də yenidən saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) ittiham irəli sürülüb.

Möhyəddin Orucov və yaxınları həbsin onun siyasi fəaliyyətilə bağlı olduğunu bildirirlər. (AbzasMedia)

 

Tacxeber.com

Oxşar xəbərlər