“Vəfa Nağını müdafiə etdiyi üçün ondan incimişəm”
Sabiq deputat Sabir Rüstəmxanlı Müsavat Partiyasının başqanı İsa Qəmbərdən gileylənib və incidiyini vurğulayıb.
Tacxeber.com xəbər verir ki, S.Rüstəmxanlı Modern.az-a müsahibəsində İsa Qəmbərin hərəkətlərinin onu heyrətləndirdiyini deyib.
Onun sözlərinə görə, Müsavat başqanı ilə hələ hərəkatdan əvvəl uzun müddət dost olub: “Amma parlament seçkisində kimliyini bildiyi birini deyil, özünü normal aparmayan, sonda da əsl üzü açılan Vəfa Nağını müdafiə etdi. Ona Müsavat Partiyasında mətbuat konfransı üçün yer verdi. Mən elə şey etməzdim. İsa Qəmbəri müdafiə edərdim, axı ailəsini də, özünü də tanıyıram. Heç vaxt digər alternativlərə yer verməzdim. Bu, mənim prinsiplərimə uyğun gəlməzdi. Görünür, bunlar həddindən artıq demokratdır. İncimişəm və bu incikliyi gizlətmirəm. Ola bilsin, haradasa səhv etmişəm, gəlib dostcasına, yoldaşcasına demək olar ki, belə olmaz, elə olar. Amma bunlar erməni tərəfdarlarına salonlarını açdılar. Müsavat Azərbaycan tarixində önəmli partiya idi. Orada Rəsulzadə var idi”.