• 11 Yanvar 2025 23:54

Azərbaycanda pensiyalar gələn ay yenidən ARTIRILACAQ

 

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, minimum pensiya məbləği gələn aydan 280 manatdan 320 manata çatdırılacaq. Bu o deməkdir ki, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar. Bu artımlar məhz fevral ayında pensiyaçılara ödəniləcək.

 

Tacxeber.com Modern.az-a istinadən xəbər verir ki, Azərbaycanda bundan əlavə gələn ay pensiyaların yenidən artırılması nəzərdə tutulub.

 

Bu dəfə artım pensiyaların indeksləşdirilməsi ilə baş tutacaq. İndeksləşdirmə pensiyaların məbləğini istehlak qiymətləri indeksi ilə əlaqələndirməklə inflyasiyadan qorunmaq vasitəsidir. Bu vasitə ilə ölkədə istehlak mallarının və xidmətlərin qiymətlərinin artması nəticəsində gəlirlərdə yaranan itkilər tam və ya qismən kompensasiya edilir. Yəni, qiymətlər artdığı üçün pensiyaların da buna uyğun artması həyata keçirilir.

 

İndeksləşdirmə Azərbaycanda orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq aparılır. Orta aylıq nominal əmək haqqı isə Dövlət Statistika Komitəsi tərəfindən açıqlanır.

 

İndeksləşdirmə Prezident İlham Əliyevin sərəncamı ilə həyata keçirilir. Qeyd edək ki, ötən il dövlət başçısı pensiyaların indeksləşməsi barədə sərəncamı fevral ayının 5-də imzalayıb.

 

2024-cü ilin ilk 10 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əmək haqqı təxminən 8 faiz artıb. Dəqiq göstəricilər isə gələn ayın əvvəllərində elan ediləcək.

 

Beləliklə, pensiyalar həm prezidentin dekabr ayında imzaladığı sərəncam əsasında, həm də gələn ay indeksləşdirmə nəticəsində artacaq.

 

Pensiya artımları yanvarın 1-dən hesablanacaq, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Yanvar ayının artımları da fevralda ödəniləcək.

Tacxeber.com

Oxşar xəbərlər