• 13 Yanvar 2025 03:29

“Rusiyalılar bu təyyarələri göz bəbəyi kimi qoruyub”

Ukrayna Silahlı Qüvvələri Rusiyanın son kozırını necə sıradan çıxarıb…

Ukrayna Aviasiya Assosiasiyasının prezidenti və təyyarə sahibləri AOPA Ukrayna üzvü olan aviasiya mütəxəssisi Gennadi Xazan “Radio NV” efirində Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın son kozırını necə sıradan çıxardığından danışıb. Bu, Enqelsdəki neft bazasına edilən hücumla baş verib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “nv.ua” nəşri yazıb.

 

“Enqelsdə yalnız “Tu-160” tipli təyyarələr üçün istifadə olunan xüsusi yanacaq ehtiyatları olan strateji yanacaq bazasına zərbə vurulub və mən rəsmi mənbələrdən “baza məhv edilib” ifadəsini eşitməyi gözləyirəm.

 

Bu təyyarələr üçün xüsusi hazırlanmış, daha qatılaşdırılmış “T-8V” markalı aviasiya kerosini istifadə olunur. Bu yanacaq “Tu-160” təyyarələrinin NK-32 mühərrikləri üçün xüsusi olaraq hazırlanıb.

 

Bir zamanlar mən Sovet Hərbi Hava Qüvvələrinin zabiti ilə danışarkən soruşdum: “De görüm, bu, Sovet İttifaqına neçəyə başa gəlib?” Cavabı belə olub: “Sovet İttifaqının hər bir vətəndaşı üçün bir “Zaporojets” avtomobili almaq olardı”.

 

“Tu-160” bombardmançı təyyarələrinin yaradılması inanılmaz dərəcədə bahalı bir proqram olub. Bu mühərriklərin səsdən sürətli rejimdə istifadə olunması üçün həmin xüsusi yanacaq hazırlanıb.

 

Hazırda Rusiyada bu yanacağı istehsal edə bilən yalnız iki müəssisə var, lakin ən böyük yanacaq saxlama yeri zərbə ilə məhv edilib”.

 

Ukrayna Rusiyanın strateji bombardmançı təyyarələrinə problem yaradıb.

 

“İndi isə əsas məsələyə – “Tu-160” təyyarələrinə keçək. Müharibənin əvvəlində bu təyyarələrdən istifadə edilməyib, onlar göz bəbəyi kimi qorunub. Niyə?

Çünki Ukrayna ərazisinə aviasiya raketləri ilə zərbə endirmək üçün daha köhnə “Tu-95” və “Tu-22M3” təyyarələrindən istifadə edilib.

 

Lakin təxminən üç il davam edən müharibə ərzində bu təyyarələrin çoxunun resursları kritik həddə çatıb. Buna görə də ruslar öz “son kozırları” olan “Tu-160” təyyarələrini çıxarmağa məcbur olub.

 

Hazırda Ukrayna Silahlı Qüvvələri bu təyyarələri sıradan çıxarmaq üçün hər şeyi edib. Yəni təyyarələr var, amma yanacaq yoxdur. “Tu-160”-lar kruiz rejimində səsdən sürətli sürətə çıxdıqda, saatda 50-60 ton yanacaq sərf edir.

 

Buna görə də hava limanında saxlanılan bu miqdarda yanacağın məhv edilməsi həmin təyyarələrin istifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq. Onlar yanacağı başqa yerlərdən gətirmək məcburiyyətindədir, lakin bu, vaxt və məhdud imkanlar tələb edir. Üstəlik, logistikası da çox gərgin olacaq.

 

Təsəvvür edin ki, bir və ya iki yanacaq qatarını gətiriblər. Sonra nə olacaq? Yanacaq xüsusi çənlərə boşaldılmalıdır, amma o çənlər də artıq yanaraq kül olub.

 

Burada vurğulamaq istəyirəm ki, Rusiya obyektlərinin belə sistematik şəkildə məhv edilməsi çox vacibdir. Məqsəd “Tu-160”-ların uçuşunu ya məhdudlaşdırmaq, ya da ümumiyyətlə mümkünsüz etməkdir.

 

Onları havada məhv etmək mümkün olmadıqda elə addımlar atılıb ki, ya bu təyyarələrin uçuşları məhdudlaşdırılsın, ya da yaxın gələcəkdə yanacaq çatışmazlığı səbəbindən uçuşlar mümkün olmasın. Bu, Ukraynaya qarşı yeni hücumların qarşısını alır”.

Tacxeber.com

Oxşar xəbərlər