• 14 Yanvar 2025 14:37

İctimai fəal məhkəmədə özünə xəsarət yetirdi: “Burada məni şərləyənlər oturmalıdır”

İctimai fəal Nicat İbrahim məhkəmədə özünə xəsarət yetirib. Bu olay yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində yaşanıb.

 

Dörd aydan çoxdur həbsdə olan ictimai fəalın işinə indi həmin məhkəmədə baxılır. Yanvarın 13-də məhkəmənin hazırlıq iclasında N.İbrahimin vəkili Zibeydə Sadıqova hökm çıxarılanadək müvəkkilinin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil deyib ki, N.İbrahimin ittiham olunduğu cinayəti törətməməsi bir yana, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün heç bir qanuni əsas yoxdur. Üstəlik, ailə durumu da ağırdır. Həyat yoldaşı və uşaqları ölkədə yoxdur, yanına təcridxanaya sovqat gətirən yaşlı anası da Laçın rayonundan gəlib-gedir.

 

Vəkilinin vəsatətinə münasibət bildirən N.İbrahim vurğulayıb ki, heç bir cinayət törətmədiyi halda, 4 aydan çoxdur həbsdə saxlanılır:

“Burada mən olmamalıyam, məni şərləyənlər oturmalıdır…”, – bunu deyərək əsəbiləşən N.İbrahim başını məhkəmə zalında saxlandığı şüşə kabinəyə çırpıb. Nəticədə o, baş nahiyəsindən ciddi xəsarət alıb və dərhal tibbi yardım göstərilməkdən ötrü məhkəmə zalından çıxarılıb.

Onun məhkəməsi yanvarın 21-nə saxlanılıb.

 

Xatırlatma

Nicat İbrahim sentyabrın 9-dan həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham irəli sürülüb. O, Bəhmən Əliyev adlı şəxsə bıçaqla xəsarət yetirməkdə suçlanır.

N.İbrahim özünü təqsirli bilmir, bu şəxsi heç tanımadığını deyir. O bildirir ki, dayandığı yerdə bir nəfər ona hücum edib, ardından yerə yıxılaraq qışqırıb və bıçaqlandığını deyib. İctimai fəal və vəkili həmin ərazidəki kamera görüntülərini tələb etsə də, o görüntülər gətirilməyib.

 

Həbsindən bir həftə öncə N.İbrahim ailəsilə birlikdə ölkədən getmək istəsə də, hava limanından buraxılmayıb.

İctimai fəal daha öncə 2020-ci ilin iyulunda – Prezident Administrasiyasının qarşısında İlham Əliyevə istefa tələbi ilə etiraz aksiyası keçirməyə gedərkən saxlanılmış, koronavirus yayma ittihamı ilə 1 il 3 ay həbs cəzası almışdı.

N.İbrahim o zaman da təqsirsiz olduğunu, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını deyib.

O, bir neçə il öncə ağzını tikib aclıq etməklə də polislərə qarşı etiraz aksiyası keçirmişdi.

 

Tacxeber.com

Oxşar xəbərlər