• 13 Yanvar 2025 21:10

Xalq artisti həyəcan təbili çaldı: “Elə bir təhlükə qarşısındayıq ki…”

“Ailədə tərbiyə almayan, küçələrdə böyüyən əxlaqsız qızlar, oğlanlar kimdir ki, “TikTok”da azadlıq adı ilə çıxış edirlər? Artıq susmaq olmur. Övladlarım evdə inqilab edirlər ki, ay ata, niyə dinib-danışmırsınız?! Danışana, deyilənə fikir verən, qulaq asan yoxdur. Hansısa düşünülmüş, planlı maraqlar sadəcə dövlətimizə, dövlətçiliyimizə təxribat etmir, həm də əxlaqımızı, mənəviyyatımızı təhqir edirlər. Düşüncələrimizi korlayır, balalarımızı məhv edirlər”.

 

Bu fikirlər Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyova aiddir. O, Yenisabah.az-a açıqlamasında bir sıra məqamlara toxunub:

 

“Əxlaqsız düşüncə ilə yaşayan qız-oğlanlar 3-5 ildən sonra cəmiyyətdə mövqe sahibi olanda xalqa, dövlətə nə xidmət edəcəklər? Bir ağsaqqal olaraq ölkənin prezidentinə müraciət edirəm. Evin kişisinə müraciət edərlər. 44 günlük müharibə və qazanılan qələbə nəticəsində alnımızdan 30 illik qara ləkə silindi. Buna görə sizə təşəkkür edirik. İndi isə evin içi pis gündədir. Tiktokda əxlaqsızlıq edərək mənəviyyatımızı korlayan və milli-mənəvi dəyərlərimizə zərər verən şəxslər üçün ölüm hökmü çıxarılmalıdır. Onlar güllələnməlidir. Özü də hansısa məhkəmə qərarı ilə yox. Xalqın iştirakı və mühakiməsi ilə bu proses həyata keçirilməlidir. Təkcə bir insan yox, həmin kəsin ətrafında olan kim varsa, onun bu hərəkətinə görə cəzalandırılmalıdır. Bu cəza mexanizmi kompleks şəklində olmalıdır. Həmin bəla bütövlükdə ortadan götürülməlidir. Yer yiyəsiz olanda donuz təpəyə çıxır”.

 

Xalq artisti həyəcan təbili çalmağın vaxtı olduğunu vurğulayıb:

 

“Belə şey ola bilməz. Məni ağlamaq tutur. Cavan qızların üst-başı it, ilan, qurbağa şəkilləridir. Narkoman halında, eybəcər söyüşlər işlədirlər. Kişi xeylağı özünə o sözləri rəva bilməz. Kimdir onların arxasında dayanan? Onlara maddi dəstək verən? Mən həyəcan təbili elan edirəm. Müharibədən qələbə ilə çıxdıq. Düşmənlərimiz indi də belə hücuma keçib. İdeoloji olaraq, təbliğat yolu ilə bizə hücum edirlər. Gecə-gündüz demədən cavanlarımızın mənəviyyatını korlayır, milli dəyərlərimizi öldürməklə, bizi əxlaqsız kütləyə çevirməyə çalışırlar. Elə bir təhlükə qarşısındayıq ki, bütün xalq yenidən səfərbər olmalıdır”.

Tacxeber.com

Oxşar xəbərlər