• 15 Yanvar 2025 03:50

Ermənistan Avropa Birliyinə qoşulmaq prosesini rəsmən başladı.

Yaxın günlərdə Ermənistan Avropa Birliyinə qoşulmaq prosesini rəsmən başladıb. Bu gün isə Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıqla bağlı sənəd imzalanacaq. Yanvarın 17-də də Rusiya və İran arasında strateji tərəfdaşlıqla bağlı 47 bəndlik sənəd imzalanacaq. Bu iki sənədin Azərbaycanın yaxın müddətli xarici siyasət kursuna təsir edəcəyi aydındır. 

 

İqtidar yönümlü düşüncə mərkəzləri artıq İran-Rusiya strateji tərəfdaşlığını analiz etməyə başlayıb. Onların fikrincə, bu tərəfdaşlıq açıq şəkildə Cənubi Qafqazda Qərb təsirinə qarşı yönələcək. Qərblə də hazırda ən yaxşı əlaqələr Ermənistanda olduğu üçün dolayısı ilə bu tərəfdaşlıq həm də Ermənistanı sıxışdırmaq üçün istifadə edilə bilər. Dediklərinə görə, Azərbaycanın hazırkı mövqeyi “Moskva və Tehranı qane edir”.

 

Azərbaycanın bir neçə ildir əsas hədəfi Zəngəzur dəhlizi ilə bağlıdır. Rusiyanın razılığı olsa da, İran heç bir formada buna imkan verməməkdə qərarlı idi. Lakin düşüncə mərkəzləri inanır ki, İran yeni şərtlərdə necəsə Zəngəzurla bağlı fikrini dəyişə bilər.

 

Lakin onların açıq şəkildə dilə gətirmədikləri qorxuları da var. Bu da İran-Rusiya tərəfdaşlığının Cənubi Qafqazda Türkiyənin artan nüfuzuna qarşı yönəlməsidir. Bu cür tərəfdaşlıq Azərbaycan-Türkiyə münasibətləri üçün də risk potensialına malikdir.

 

Görünən odur ki, Azərbaycan Rusiya və İran yaxınlaşmasından Ermənistanı regionda təkləmək üçün istifadə edəcək. Lakin bu yaxınlaşma Azərbaycanın özü də təhlükəlidir. Nəticədə iki güclü qonşu arasında razılıq Azərbaycanın seçim şanslarını xeyli azaldacaq. Daha doğrusu bu milli maraqlar baxımından təhlükəldir, amma hakimiyyət maraqları baxımından “münasibdir”.

 

Hər zaman Azərbaycan düşünüb ki, Türkiyə ilə yaxınlaşaraq Rusiya və İranla balansı qorumaq mümkündür. Amma artıq Rusiya-İran strateji əməkdaşlığının ikinci dərəcəli hədəfi həm də Türkiyədir.

 

Bu şərtlərdə Azərbaycanın Qərblə hər hansı formada münasibətləri düzəltməyə çalışacağı hiss olunmur. Çünki bunu etsələr, özlərini Rusiya-İran strateji əməkdaşlığının əsas hədəfinə çevirmiş olacaqlar. Türkiyə ilə də münasibətlər hazırkı səviyyədə qalacaq çox güman ki, bəlkə, bir qədər də zəifləyəcək.

 

Yeni xarici siyasət verktoru isə müsahibədə də deyildiyi kimi D8 (İslam) ölkələridir. Bir sözlə, mədəni dünyadan təcrid siyasəti yenə də davam etməkdədir…

 

Araz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər