• 15 Yanvar 2025 20:26

Tural Abbaslıdan Almaniyadakı səfirimizə SƏRT REAKSİYA – “Diplomatın işi bloger kimi şəkil çəkdirmək deyil”

Xəbər verdiyimiz kimi, Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Yeni il münasibətilə diplomatlar üçün təşkil etdiyi qəbula səfir yarı milli geyimdə qatılıb.

 

N.Ağayev həmin tədbirdən çəkilən fotoları öz sosial şəbəkə hesabında paylaşıb.

 

Lakin Nəsimi Ağayevin bu addımı sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb. Əksər izləyicilər səfirin geyimini tənqid ediblər. Onlar həmin geyimin milli geyim standartlarımıza uyğun olmadığını yazıblar. Sosial şəbəkə izləyiciləri səfirin Azərbaycan milli geyimlərinə xas olan papaq qoymadığını, üstəlik sözügedən geyimin daha çox gürcü və Dağıstan xalqlarının keçmiş paltarlarını xatırlatdığını bildiriblər. Bu isə izləyicilər tərəfindən səfirin həmin geyimi seçərkən milli adətlərimizdən daha çox öz zövqünə uyğun davranması kimi qiymətləndirilib.

 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Ağ Partiyanın başqanı Tural Abbaslı deyib ki, diplomatik nümayəndələrin etik davranış normaları var:

 

“Siyasi səhnədə diplomatların davranışları ciddi şəkildə protokollaşdırılmış və təmsil etdiyi dövləti simvolizə edən formada olur. Bu mənada hesab edirəm ki, hər bir, səfir və konsul istənilən addımı atarkən, paylaşım edərkən və mövqe sərgiləyərkən öz şəxsi fikir və düşüncələrini bir kənara qoymalıdır. Onların davranışları təmsil etdiyi dövlətin duruşunu, dövlətin mövqeyini və dövlətin yanaşmasını əks etdirməlidir.

 

Şəxsən mənə xoş deyil ki, hansısa bir səfirimiz və yaxud konsulumuz hansısa bir ölkə başçısının, lap elə ABŞ prezidenti ilə şəkil çəkdirməsini özünə fəxr bilsin. Çünki Azərbaycan ərazi və əhali baxımından kiçik də olsa da diplomatların borcudur ki, Azərbaycanın qətiyyətini, prinsipial mövqeyini qorusunlar, saxlasınlar. Yoxsa, bloger kimi prezidentlə, tanınmış müğənni ilə şəkil çəkdirmək diplomatik nümayəndənin davranış kodeksinə uyğun deyil.

 

Fərqi yoxdur bu dost ölkənin, ya da qeyri-dost ölkənin prezidenti olsun. Diplomat unutmamalıdır ki, o bir dövləti təmsil edir, həmin dövlətin simvoludur. Ona görə də səfir Nəsimi Ağayevin fikirləri ciddiyə alınmalıdır. Bundan əlavə, bizim diplomatik korpusların nümayəndələrinə də bununla bağlı müvafiq təlimatlar verilməlidir ki, onların sosial şəbəkələrdəki fəaliyyəti diplomatik fəaliyyətə uyğun olsun”.

 

Qeyd edək ki, Nəsimi Ağayev 2022-ci ilin avqustun 19-u ölkəmizin Almaniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Tacxeber.com

Oxşar xəbərlər