Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi
Məhkəmə hökmü ilə müsadirə edilərək satışa çıxarılan məşhur “Baku Oksford Məktəbi”ni geri qaytarmaq uğrunda mübarizə davam edir. Düz 4 ay əvvəl Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva və məktəbin təsisçisi Mehriban Məmmədova məktəbdə 1/2 hissəlik pay sahibi olduqlarını iddia edərək yeni məhkəmə baxışı başlatmaq üçün müraciət ediblər.
Tacxeber.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq məhkəmə onların müraciəti ilə tanış olub, yekun qərarını açıqlayıb.
Hətta Mehriban Məmmədova ilə birgə onun bacıları da işə qoşulub. Onlar isə müsadirə edilmiş başqa əmlaklarla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etdikləri ərizələrində hökmün maraqlarına toxunduğunu iddia ediblər. Şəxslər hər biri apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş ediblər.
Hakim Leyla Əsgərova-Məmmədova təqdim edilmiş əsaslarla tanış olduqdan sonra maraqlı şəxslərin hamısının müraciətini məqbul hesab edib. Qərar belə olub ki, Kamilə Əliyeva, Mehriban Məmmədova və digərlərinin apellyasiya şikayəti vermələrinə icazə verilsin.
Bundan sonrakı mərhələdə maraqlı şəxslər şikayətlərini apellyasiya baxışında mübahisələndirəcəklər.