• 22 Yanvar 2025 19:00

Bakıda pis qoxunun yayılması səbəbi: “COP-29 keçirirlər, amma heç nədən başları çıxmır”

Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.

 

“Bu qoxu, əsasən, səhər saatlarında olur. Havada çox kəskin qoxu var. Qaz qoxusuna çox oxşayır”, – NZS qəsəbəsinin adının çəkilməsini istəməyən sakinlərdən biri bildirib. Onun sözlərinə görə, həmin qoxudan başağrısı və gözdə yanma hissi yaranır. Sakinlər düşünür ki, bu, neft bazasının anbarlarının təmizlənməsi ilə bağlıdır.

Şəhərin müxtəlif yerlərində havada pis qoxunun yayılması ilə bağlı şikayətlər ilk dəfədir eşidilmir. Keçən ilin noyabrında da şəhərdə belə bir qoxunun hiss olunduğu deyilirdi. 2023-cü ildə də Bakı və Abşeronda belə bir hal yaşanmışdı.

 

2021-ci ildən ölkə üzrə atmosfer havasının keyfiyyətinin monitorinqi aparılır. Əvvəlki illərdə bu barədə məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyi dərc etsə də, 2024-cü ildə və bu ilin ilk ayında belə məlumatlara rast gəlinmir.

 

Rəsmilərin cavabları…

Havada pis qoxunun yayılması iddiaları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Turan”a bildirilib ki, məsələ araşdırılacaq. Nazirlik bundan əvvəl də mediaya oxşar şikayətlərə görə araşdırma aparılacağını desə də, sonradan bununla bağlı hər hansı açıqlama verilməyib.

“Azəriqaz” İB-dən isə agentliyə deyilib ki, İB-nin balansında olan qaz kəmərlərində böyük qoxuya səbəb olacaq dərəcədə sızmanın baş verməsi qeyri-mümkündür.

“SOCAR Petroleum” QSC-dən də agentliyə bildirilib ki, paytaxtda şirkətə məxsus neft bazalarında heç bir təmizləmə işləri aparılmır və ümumilikdə neft bazalarının fəaliyyəti havada pis qoxunun yayılmasına səbəb ola bilməz.

 

Telman Zeynalov
Telman Zeynalov

“Səbəb tullantıların çox olmasıdır”

Ekoloq-alim Telman Zeynalov isə hesab edir ki, havada pis qoxunun yayılması tullantıların çox olmasındandır.

“Son zamanlar havalar isti keçir. Nə qar yağır, nə yağış. Havada da çoxlu metan qazı var. Bunların səbəbi tullantıların çox olmasıdır. O qədər tullantı atıblar ki, başlayıb çürüməyə, süni metan qazı verir”, – o, Azadlıq Radiosuna deyib.

 

Ekoloq qeyd edib ki, həmin metan qazının havaya yüksəlməsi həm havanı isidir, həm də sözügedən vəziyyət yaranır: “Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmək lazımdır ki, onlar məşğul olsunlar. COP-29 (BMT-nin iqlim konfransı) keçirirlər, amma heç nədən başları çıxmır”.

Ekspert bildirib ki, havada pis qoxunun yayılmasının səbəbi neft bazalarının fəaliyyəti ola bilməz: “Səbəb tullantıların çox olmasıdır. Bizdə tullantıları idarə etmirlər, tullantıları yandırırlar, ətraf mühiti çirkləndirirlər, çirkin ozon təbəqəsini yaradırlar. Tullantılardan enerji, hidrogen qazı, metan almaq olar. O işlə isə heç kəs məşğul olmur”. (Azadlıq Radiosu)

 

Tacxeber.com

Oxşar xəbərlər