• 24 Yanvar 2025 02:26

Azərbaycanda hakim məhkəmə zalında həbs edildi

Elsun Əhmədova 5 il hökm oxunub.

 

Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Əhmədov 5 il azadlıqdan məhrum edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hakim Dadaş İmanov hökmü elan edəndən sonra Elsun Əhmədov məhkəmə zalında həbs olunub.

 

O, hökm çıxarılana qədər ev dustaqlığında idi.

Hökmə əsasən, Elsun Əhmədov Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsilə təqsirli bilinib.

O, Bərdə Rayon Məhkəməsinin hakimi vəzifəsində işləyərkən Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədilə narkotik əldə etmə, saxlama) maddəsilə mühakimə edilən şəxsə yüngül cəza təyin etmək üçün onun ailə üzvlərindən pul almaqda ittiham olunur.

 

Elsun Əhmədov isə bu ittihamla razılaşmır, özünü təqsirli bilmədiyini deyir. Elsun Əhmədov 2024-cü il fevralın 6-da saxlanılıb, iki gün sonra Binəqədi Rayon Məhkəməsi ilə onun haqqında ev dustaqlığı qətimkan tədbiri seçilib. Onun işi üzrə istintaq Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb.

2024-cü ilin mayından isə Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə edilirdi.

 

“Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyinə görə Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb”, – onunla bağlı rəsmi açıqlamada bildirilib.

Elsun Əhmədov 2021-ci ilin fevralında Bərdə rayon Məhkəməsinin hakimi təyin olunub. Bundan əvvəl isə o, məhkəmə iclas katibi işləyib. Hakim Elsun Əhmədovun fəaliyyətilə bağlı Bərdə sakinlərinin şikayətləri əsasında Meydan TV-də bir neçə material yayımlanıb.

Sakinlər bu hakimin sifarişli və qanunsuz qərarlar verdiyini iddia edirdilər. Bərdə Rayon Məhkəməsi və Elsun Əhmədovun özü səslənən ittihamlarla bağlı Meydan TV-nin sorğularını cavabsız qoymuşdu.

 

Tacxeber.com

Oxşar xəbərlər