Hakim Trampın vətəndaşlıq fərmanı ilə razılaşmır
Sietl ştatının federal məhkəmə hakimi ABŞ prezidentinin bu ölkədə doğulanlara avtomatik verilən vətəndaşlıq hüququnun ləğvi ilə bağlı fərmanını dayandırıb. Sözügedən sənədi prezident Tramp inauqurasiya günü, yanvarın 20-də imzalayıb. Tramp konstitusiya müddəasının yeni şərhini təklif edib. İndiyədək bu müddəa ABŞ ərazisində doğulan bütün uşaqların avtomatik olaraq bu ölkənin vətəndaşı olmasını nəzərdə tuturdu.
Avropa və Amerika mediasında Trampı tənqid edənlər bildirir ki, yeni qərar 1868-ci ildə qəbul olunmuş konstitusiya düzəlişinə ziddir. 100 ildən artıqdır ki, bu düzəliş Amerika məhkəmələri tərəfindən ABŞ-də doğulan uşaqların xeyrinə şərh edilir.
BBC xəbər verir ki, insan haqları qrupları və Demokratların üstünlük təşkil etdiyi bir neçə şəhər və ştatın hökumətləri federal məhkəmələrdə bir neçə iddia qaldırıb. Bunlardan ilkinə Vaşinqton ştatının Sietl şəhərində baxılıb və məhkəmə 25 dəqiqədən çox çəkməyib. Federal hakim Con Kofenur fevralın 19-da qüvvəyə minməli olan fərmanı müvəqqəti olaraq dayandırıb.
Administrasiyanın bu qərarı daha yüksək instansiyalarda mübahisələndirmək imkanı olacaq.
Bu həftə fərmana qarşı bir neçə başqa iddia da qaldırılıb.
Yanvarın 23-də oxşar iddia ilə bağlı hüquqşünasların konfransında Ədliyyə Nazirliyinin hüquqşünası Merilend ştatında federal hakimə bildirib ki, hələ ki heç bir federal qurum gələn ay fırmanın icrasına başlamağa hazırlaşmır.
“Üç gün əvvəl bu fərman verilib. Ona görə də agentliklərin onu həyata keçirmək üçün lazım olan siyasəti hazırlaması hələ çox tezdir”, – vəkil Bred Rozenberq ABŞ dairə hakimi Debora Bordmana deyib.
Hakim iddiaçıların fərmanın müvəqqəti olaraq bloklanması ilə bağlı vəsatətləri üzrə iclası fevralın 5-nə təyin edib.