“Tramp Danimarka baş nazirindən Qrenlandiyanı tələb edib – “Financial Times”
“Telefon danışığı zamanı Tramp aqressiv və qarşıdurma yaradan tonda davranıb…”
ABŞ prezidenti Donald Tramp Danimarka baş naziri ilə telefon danışığı zamanı Qrenlandiyanı ələ keçirmək niyyətində ciddi olduğunu vurğulayıb.
Tacxeber.com xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.
Məlumatda deyilir ki, Tramp ötən həftə Danimarka baş naziri Mette Frederiksen ilə 45 dəqiqəlik söhbət edib. Ağ Ev bu danışıqla bağlı şərh verməyib, lakin Frederiksen açıq şəkildə bildirib ki, Danimarkanın muxtar hissəsi olan Qrenlandiya satılmır. Bununla yanaşı, o, ABŞ-ın adaya olan “böyük marağını” qeyd edib.
Beş indiki və keçmiş yüksək rütbəli Avropa rəsmisi bildirib ki, söhbət çox pis keçib. Onlar əlavə edib ki, Tramp Frederiksenin adanın satılmayacağını söylədikdən sonra onunla aqressiv və qarşıdurma yaradan şəkildə davranıb. Frederiksen bunun əvəzində hərbi bazalar və faydalı qazıntıların işlənməsi sahəsində daha sıx əməkdaşlıq təklif edib.
“Bu, dəhşətli olub”, – rəsmilərdən biri bildirib. Başqa biri əlavə edib: “O, çox qətiyyətli olub. Bu, soyuq bir duş kimi təsir bağışlayıb. Əvvəllər bunu ciddi qəbul etmək çətin idi. Amma indi bunun ciddi və potensial təhlükəli olduğunu düşünürəm”.
Məqalədə qeyd olunur ki, telefon zənginin detalları avropalıların Trampın hakimiyyətə qayıtmasının transatlantik əlaqələri heç vaxt olmadığı qədər gərginləşdirəcəyindən narahatlığını artıracaq. Çünki ABŞ prezidenti müttəfiqlərə təzyiq edərək onlardan ərazi güzəştləri tələb edir.
Avropanən bir çox rəsmiləri Trampın Qrenlandiyanı “milli təhlükəsizlik” səbəbi ilə nəzarətə almaq istəyini, sadəcə, təsir qazanmaq üçün taktiki gediş hesab edir. Lakin Frederiksenlə danışıq bu ümidləri alt-üst edib və NATO müttəfiqləri arasında xarici siyasət böhranını dərinləşdirib.
“Niyyət çox aydın olub. Onlar bunu istəyirlər. Danimarkalılar indi böhran rejimindədir”, – danışıqdan məlumatlı olan bir mənbə bildirib. Keçmiş Danimarka rəsmisi əlavə edib: “Bu, çox sərt bir danışıq olub. O, Danimarkaya qarşı məqsədli tariflər kimi konkret tədbirlərlə təhdid edib”.
Trampın Qrenlandiya iddiaları
Cəmi 57 000 nəfər əhalisi olan Qrenlandiya Arktikada yeni açılan dəniz yollarına giriş üçün əsas strateji nöqtədir. Bundan əlavə, ada zəngin, lakin çətin əldə edilə bilən faydalı qazıntı yataqlarına malikdir. Tramp açıq şəkildə bildirib ki, Qrenlandiyanın təhlükəsizliyi ABŞ üçün əhəmiyyətlidir, çünki Çin və Rusiya “Arktik bölgəyə ciddi sərmayə qoyur”, – Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi deyib.