• 30 Yanvar 2025 12:01

44 ildən sonra həbsdən çıxan adamın “iPhone” təəccübü

Otis Conson həyatının 44 ilini həbsdə keçirdikdən sonra ilk dəfə Tayms meydanını görəndə təəccübünü gizlədə bilməyib. Parlaq işıqlar və ekranlar qarşısında, uzun müddət həbsdə olduğu üçün nə qədər çox şeydən geri qaldığını anlayıb.

 

Tacxeber.com xəbər verir ki, texnologiya dünyasındakı böyük dəyişikliklərdən xəbərsiz olan Conson xüsusilə boynundan qulaqcıq kabelləri sallanan smartfon istifadəçilərini görəndə onların gizli Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) agentləri olduğunu düşünüb. Bu təəccüb tamamilə başa düşüləndir, çünki o, 1970-ci ildə həbsə girib və rəqəmsal inqilabı tamamilə qaçırıb. Çox güman ki, Stiv Cobs, İlon Mask və Cef Bezos kimi adları heç vaxt eşitməyib.

 

Otis Conson 1970-ci ilin may ayında Nyu-Yorkda bir polis zabitini öldürməyə cəhddə ittiham edilərək 25 yaşında həbsə girib və 69 yaşında azadlığa buraxılıb. Keçmiş döyüş sənətləri müəllimi olan Conson heç vaxt bu cinayəti qəbul etməyib və günahsız olduğunu iddia edib. O, “Dazed” nəşrinə verdiyi müsahibədə belə deyib: “Bir insan niyə polisə atəş açıb, eyni paltarla küçə küncündə dayanıb insanlarla söhbət etsin ki?”

 

Conson 2014-cü ildə azadlığa buraxılanda ona şəxsiyyət vəsiqəsi, cinayət işi sənədi, iki avtobus bileti və 40 dollar verilib. Azadlığa çıxdıqdan bir il sonra “Al Jazeera”ya verdiyi müsahibədə deyib: “Həbsxana mənə çox təsir etdi. Hər şey dəyişdiyi üçün həyata uyğunlaşmaq əvvəlcə çətin idi”.

 

Tayms meydanında texnologiya ilə əhatə olunmuş turistləri ilk dəfə görən Conson reklam ekranları ilə bağlı “Bunlar pəncərələrdədir? Əvvəl heç belə bir şey görməmişdim! Bunlar həqiqətən pəncərələrdədir?” deyə heyrətini bildirib. O, əvvəllər pəncərələrdə yalnız gedən insanları gördüyünü, videoların isə olmadığını gülümsəyərək söyləyib.

 

Küçədəki insanlarla bağlı müşahidələrini belə paylaşıb: “Ətrafdakı ab-havaya, yeni şeylərə baxırdım və insanların çoxunun öz-özünə danışdığını gördüm. Daha sonra yaxınlaşanda başa düşdüm ki, qulaqlarında bir şey var. Telefon kimi bir şey… “iPhone” deyirlər, elə bir şey. Hamı MKİ agenti olubmu, deyə düşündüm. Çünki 60-70-ci illərdə, mən azadlıqda olanda qulaqlarında kabellərlə gəzən biri haqqında yeganə fikrim bu ola bilərdi”.

 

Conson insanların yoluna baxmadan telefonda danışaraq yerimələrinə də təəccüb etdiyini deyib.

 

Otis Conson Tayms meydanındakı küçə sənətçiləri haqqında “Burada uzun müddət dayanıb bu qəribə şeylərə baxıram” deyərək gördüklərindən təsirləndiyini bildirib.

 

Həbsdə olduğu müddətdə dəyişən təkcə texnologiya olmayıb. Məsələn, taksofonla zəng tarifləri 75 faiz artmışdı. Conson bu barədə deyib: “Birinci dəfə zəng edəndə 1 dollarlıq tarif gördüm və təəccübləndim. Mən həbsdə olanda bu, 25 sent idi”.

 

Supermarket rəflərindəki müxtəliflik də Conson üçün böyük sürpriz olub: “İndi fərqli şeylər yeyirəm, çünki insanların sahib olduğu bütün bu qəribə şeylərə baxıram. Qəribə yeməklər, müxtəlif rənglərdə içkilər. İndi yeyə biləcəyiniz o qədər şey var ki, seçmək çətindir. Məsələn, fıstıq yağı, içində jel kimi bir şey vardı. Daha əvvəl belə bir şey görməmişdim. Fıstıq yağı və jel eyni qabda? Bu, çox qəribə idi”.

 

O, gənclik illərindən xatırladığı “Skippy’s” fıstıq yağını hələ də mağaza rəflərində görməkdən məmnun qaldığını bildirib.

 

Sevdiyi bəzi qəlyanaltıların artıq mövcud olmaması onu kədərləndirsə də, azadlığına qovuşduğu üçün çox həyəcanlı olduğunu bildirib: “Cəmiyyətdə olmaq gözəldir, çox yaxşı bir hissdir. Həbsxanada yalnız müəyyən vaxtlarda çölə çıxa bilirsiniz. Günəşin altında olmaq və insanları müşahidə etmək məni xoşbəxt edir. Azad olmaq gözəl bir şeydir”.(Qaynarinfo)

Tacxeber.com

Oxşar xəbərlər