• 30 Yanvar 2025 22:50

“Anama qovuşmağıma kömək edin” – “Quska”dan prezidentə MÜRACİƏT

“Quska” ləqəbli sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

 

Tacxeber.com Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə video formatda keçirilən məhkəmə prosesində hakim məhkəmə istintaqının yeniləndiyini elan edib.

 

Azər Tağıyev bildirib ki, sabiq deputat tərəfindən cənab Prezidentə və Baş Prokurorluğa işinə ədalətli baxılması üçün müraciət ünvanlayıb. Həmin müraciətin bir nüsxəsinin məhkəməyə daxil olduğunu bildirib.

 

Müraciətdə bildirilib ki, Ulu Öndərin siyasətinə daim sadiq olub.

 

“Əminəm ki, mənim bu neçə ili dörd divar arasında keçirməyim, özümün və ailəmin yaşadığı əzablardan xəbəriniz var. Təəssüflər olsun ki, mənim barəmdə sizə doğru olmayan, yanlış məlumatlar verilməsi nəticəsində mən və ailəm bu zülmü yaşadıq. Bildirmək istəyirəm ki, yaşadığım mühacir həyatı belə həyatımın ən ağrılı – acılı illəri olub. Sonradan Türkiyədə həbs olunaraq Azərbaycana gətirilməyim və altı il dörd divar arasında yaşamağım həyatımın ən ağır dönəmlərindən biri olub. Ötən müddət ərzində anam düşdüyüm bu duruma görə ağır xəstəliklərə düçar oldu. Özümün sağlamlığım demək olar ki, tam əldən gedib. Mən həyatımı şüurlu şəkildə Ulu Öndər Heydər Əliyevə xidmətə həsr etmişəm. Sizə müraciətimdə məqsədim səhhətimdə yaranmış qarşısıalınmaz problemləri və yaşlı anamın düşdüyü durumdan xilas edilməsini sizə çatdırmaqdır. Mənim sağlamlığımı, bu günə qədər çəkdiyim əzabları, həbsxana divarlarında çəkdiyim illəri nəzərə alaraq anama qovuşmağıma kömək etməyinizi sizdən xahiş edirəm”- müraciətdə deyilir.

 

Daha sonra sabiq deputata ifadə vermək təklif olunub. O, heç bir ittihamı qəbul etmədiyini bildirib: “Mənim bəraət hüququm təmin olunacaq? Mən özümü təqsirli bilmirəm. Dövlətimizə də hər zaman sadiq olmuşam”.

 

Sonra dövlət ittihamçısı Hüseyn Abdullayevin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Məhkəmə prosesi 13 fevral tarixinə kimi təxirə salınıb.

Tacxeber.com

Oxşar xəbərlər