ABŞ-də qəzaya uğrayan təyyarədə fiqurlu konkisürmə üzrə Azərbaycanın sabiq çempionu da olub
Vaşinqtonda qəzaya uğrayan təyyarədə vaxtilə Azərbaycan çempionu adını qazanmış keçmiş fiqurlu konkisürən Aleksandr Kirsanov da olub.
Bu barədə onun həyat yoldaşı Natalya Qudina ABC telekanalına bildirib.
“Mən hər şeyimi itirdim. Mən həyat yoldaşımı, tələbələrimi, dostlarımı itirdim”, – deyə o bildirib.
Qeyd edək ki, A.Kirsanov Rusiya, Azərbaycan və ABŞ yığmalarını təmsil edib. 1999/2000 mövsümündə o, Barbara Henli ilə duetdə Azərbaycan çempionu olub.
Kirsanov ölkəmizi başqa turnirlərdə təmsil edərkən ilk 10-luğa daxil olub. Belə ki, 2000-2001 Qış Universiadasında 5-ci, “Zaqreb Qızıl konkisi”ndə isə 8-ci yerləri tutub. 2004-cü ildə yarışlardan getdikdən sonra o, Delaver ştatında (ABŞ) məşqçi və xoreoqraf kimi çalışıb.