Maaş, pensiya artandan sonra ərzaq qiymətləri niyə yüksəlir?
“Əməkhaqqı və pensiya artımları fonunda süni qiymət artımlarına qarşı mübarizə çox önəmlidir. Süni qiymət artımlarına qarşı mübarizənin güclənməsi həm də vətəndaşlarımızın maaş və pensiya artımlarının süni qiymətlər tərəfindən yeyilməsinin qarşısını ala bilər”.
Tacxeber.com xəbər verir ki, bunu “Unikal”a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, qiymət artımları baş verən zaman vətəndaşların xərci də artır:
“2025-ci il böyük sosial paketin icra olunduğu il olacaq. Cənab Prezident tərəfindən imzalanmış sərəncamlar, “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq növbəti ay pensiyaların indeksləşdirilərək artırılması, minimum pensiyanın artımı, Nazirlər Kabineti tərəfindən Vahid Tarif Cədvəlinə uyğun olaraq əməkhaqqı artımı, minimum əməkhaqqındakı artım praktiki olaraq dövlət büdcəsindən sosial istiqamətlərə daha çox vəsaitin ayrılmasına gətirib çıxaracaq. İlkin qiymətləndirmələrə görə, sosial paketin maliyyələşməsinə əlavə olaraq 1,6 milyard manat vəsait ayrılacaq.