Süni intellekt haqqında xüsusi qanunun qəbuluna ehtiyac var? – AÇIQLAMA
Milli Məclisin yaz sessiyasının ilk iclasında deputat Azay Quliyev bildirib ki, Azərbaycanda süni intellekt haqqında xüsusi qanunun qəbuluna ehtiyac var.
O, mövcud qanunvericiliyin süni intellektin yaratdığı risklərə qarşı ekspressiya edilməsinə də zərurət yarandığını söyləyib:
“Çünki etik və hüquqi davranışa zidd hallara yol verən süni intellekt tərəfindən yaradılan müəyyən məzmunun manipulyasiyasına yol açan şəxslərə, qurumlara qarşı böyük məbləğdə cərimələr və ən sərt cəzalar tətbiq edilməlidir”.
“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov Musavat.com-a bildirib ki, Azərbaycanda süni intellektlə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var:
“Hazırda süni intellektlə bağlı ölkəmizdə bir çox tədbir görülür. Məlum olduğu kimi, Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Süni İntellekt Laboratoriyası (AI Lab) yaradılıb. 4-cü Sənaye İnqilabı Azərbaycanda süni intellektin inkişafı ilə bağlı olan qurumlardan biridir. Əlavə olaraq, dövlət portalları və özəl sektorda bir neçə kiçik həll süni intellektin inteqrasiyası ilə məşğul olur. Bunların hər birinin təkmilləşməsi üçün qanunvericilikdə dəyişikliklərə ehtiyac var. Təbii ki, gələcəkdə neqativ halların yaranma ehtimalı var. Məlumatların yanlış təqdim edilməsi, bunun nəticələri, qarşısı necə alınacaq, bu sahə necə inkişaf edəcək? və s. qanunvericilikdə öz əksini tapmalıdır”.
Ekspert vurğulayıb ki, Azərbaycanda əsas problemlərdən biri böyük datanın yaradılmasıdır.