• 09 Fevral 2025 03:39

Azərbaycanlı iş adamı AZAL təyyarəsində həlak olanların yaxınlarına Qazaxıstanda ev verdi

Azərbaycanlı iş adamı təyyarə qəzasında həlak olan qazaxıstanlı ailələrə mənzil bağışlayıb.

 

Bu barədə politoloq Elxan Şahinoğlu özünün “Facebook” səhifəsində məlumat verib.

 

O qeyd edib ki, Qazaxıstanın Almatı şəhərində yaşayan azərbaycanlı xeyriyyəçi Amil Yusifov bu addımı atıb:

 

“Qazaxıstanda yaşayan azərbaycanlı biznesmen Amil Yusifov kimdirsə, böyük ürək sahibidir. O, 25 dekabrda təyyarə qəzasında həlak olanların xatirəsinə həsr olunmuş anım mərasimində Almatının yeni yaşayış kompleksində beş ikiotaqlı mənzilin açarlarını həlak olan qazaxıstanlıların yaxınlarına təqdim edib. Bundan başqa, xeyriyyəçi Mangistau vilayətinin Fövqəladə Hallar Departamentinə, Aktau xəstəxanasına və təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına üç yeni avtomobil hədiyyə edib”.

 

E.Şahinoğlunun fikrincə, digər ölkələrdə yaşayan azərbaycanlı biznesmenlər də bu cür fədakarlıq nümayiş etdirməlidirlər. O əlavə edib ki, hazırda Rusiyanın müxtəlif şəhərlərində sənədləri qaydasında olmayan miqrantların saxlanılması halları çoxaldığı üçün həm Moskva, həm də Sankt-Peterburqdakı Azərbaycanın rəsmi nümayəndəliklərinin işi artacaq. Bununla yanaşı, Rusiyada fəaliyyət göstərən imkanlı azərbaycanlıların da soydaşlarına yardım göstərməsinin vacibliyini vurğulayıb. Eyni vəziyyətin Ukraynada da yarandığını deyən politoloq, bu ölkədəki azərbaycanlıların bir qisminin Avropaya köç etdiyini, digərlərinin isə hələ də orada qaldığını bildirib. Onların sosial dəstəyə ehtiyacı olduğunu qeyd edən E.Şahinoğlu, atəşkəs elan olunduqdan sonra Ukraynada təşkil ediləcək Prezident və Parlament seçkilərində soydaşlarımızın da iştirakını təmin etməyin məqsədəuyğun olduğunu söyləyib.

 

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus “Embraer-190” təyyarəsi Bakı-Qroznı marşrutu üzrə uçuş həyata keçirən zaman Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Göyərtədə 67 nəfər olub, onlardan 38-i həlak olub, 29-u isə sağ qalıb. İlkin ehtimallara görə, təyyarə Rusiyanın Qroznı şəhəri üzərindəki hava məkanına müdaxilə nəticəsində qəzaya uğrayıb.

Tacxeber.com

Oxşar xəbərlər