Qubad İbadoğlu barədə ABŞ Konqresinə qətnamə təqdim edilib.
Fevralın 6-da ABŞ Konqresinin 22 üzvü Azərbaycan hakimiyyətindən Qubad İbadoğlunun azadlığa buraxılması tələbilə Xarici Əlaqələr Komitəsinə qətnamə təqdim edib.
ABŞ Konqresinin rəsmi saytında dərc edilən məlumatda belə deyilir.
Sənədin müəllifləri Azərbaycan hökumətinin Qubad İbadoğluna qarşı münasibətini pisləyir və onun dərhal azadlığa buraxılmasına çağırırlar.
Adı çəkilən sənəddə Q.İbadoğlunun səhhətinin həbsdən sonra xeyli pisləşməkdə davam edildiyi, ona vəziyyətinə görə adekvat tibbi yardım göstərilmədiyi, həbsdə olarkən dəfələrlə hüquq məsləhətçisinə çıxışa və ədalətli mühakimə olunmasına icazə verilmədiyi qeyd edilib.
Komitəyə təqdim edilən sənəddə Qubad İbadoğlunun “heç bir sübut olmadan çoxsaylı cinayət əməllərində” əsassız ittiham edildiyi bildirilir.
O da vurğulanıb ki, iqtisadçı 2024-cü ilin aprel ayına qədər Bakı İstintaq Təcridxanasında son dərəcə bərbad şəraitdə saxlanılıb, sonra ev dustaqlığına buraxılıb və ona Bakını tərk etmək qadağan edilib:
“Qubad İbadoğlunun hərəkəti məhdudlaşdırılır, o, ailəsindən və akademik işindən təcrid olunur, ailəsi təqib və təhdidlərə məruz qalır, onun həbsdə saxlanması insan haqlarının ciddi şəkildə pozulmasıdır.
Bütün bunları nəzərə alaraq, “Konqres İbadoğluna qarşı rəftarı pisləyir, onun dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırır”.
Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs edilərək Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunub. Özü ittihamları rədd edir.
2024-cü ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə o, polis nəzarətinə verilib.
Ötən ilin noyabrında isə onun ailəsinə məxsus daşınmaz əmlakın müsadirəsi haqqında qərar qəbul edilib. (ToplumTV)