2 dövlət qurumundan veyplərə dair XƏBƏRDARLIQ
Səhiyyə Nazirliyi və AQTA elektron siqaretlərlə bağlı vətəndaşlara müraciət edib.
Tacxeber.com xəbər verir ki, müraciətdə elektron siqaretlər (veyplər) dünya miqyasında milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrildiyi vurğulanır. Bununla bərabər, veypdən istifadə daha çox əvvəllər siqaret çəkməyən şəxslər, xüsusən yeniyetmələr və gənclər arasında sürətlə yayılmağa başlandığı bildirilib:
“Veyplərin sağlamlıq üçün riskləri barədə araşdırmalar artdıqca, onların heç də zərərsiz olmadığı, əksinə, müəyyən hallarda ənənəvi tütün məhsulları qədər, hətta daha təhlükəli ola biləcəyi ortaya çıxıb. Veyp mayelərinin tərkibində müxtəlif kimyəvi maddələr, o cümlədən nikotin, ağır metallar və insan orqanizminə təsir edən bir çox zərərli komponentlər mövcuddur. Elektron siqaretlərin tərkibində tütün olmadığı üçün onların daha az zərərli olduğu düşünülür, lakin bu, yanıldıcı təsəvvürdür. Nikotinin yüksək dərəcədə asılılıq yaratması ilə yanaşı, ürək-damar, tənəffüs və sinir sisteminə mənfi təsirləri elmi araşdırmalar tərəfindən təsdiqlənib.