“Toplum TV” bundan sonra fəaliyyətini ölkə xaricindən həyata keçirəcək.
“Toplum TV” bundan sonrakı fəaliyyətini ölkə xaricində yaşayan jurnalistlər hesabına həyata keçirəcəyi ilə əlaqədar bəyanat yayıb. Tacxeber.com olaraq həmin bəyanatı sizə olduğu kimi təqdim edrik:
““Toplum TV” ölkənin az sayda olan müstəqil media qurumlarından biridir.
2016-cı ildən etibarən fəaliyyət göstərən qurum, jurnalistika prinsiplərini rəhbər tutaraq ölkədə və dünyada baş verən hadisələr ilə bağlı vətəndaşları məlumatlandırmağı qarşısına əsas məqsəd qoyub.
Bu dövr ərzində minlərlə material dərc edərək oxucular üçün tərəfsiz və qərəzsiz informasiya mənbəyinə çevrilib.
Son il yarım ərzində ölkədə mediaya qarşı təzyiqlər “Toplum TV”-dən də yan keçməyib, qurumun təsisçisi və bir neçə əməkdaşı həbs edilib, onlar haqqında “qaçaqmalçılıq” ittihamı ilə cinayət işləri açılıb, digərlərinin də ölkədən çıxışına qadağa qoyulub.
“Toplum TV” bir daha elan edir ki, ittihamlar əsassızdır və təzyiqlərin motivi “Toplum TV”nin müstəqil media olaraq vətəndaşların problemlərini işıqlandırması, müxtəlif qruplardan olan şəxsləri öz canlı yayımlarına dəvət etməsidir.
Təəssüf ki, ölkədə mediaya olan təzyiqlər “Toplum TV”nin ölkədə fəaliyyət göstərməsini mümkünsüz edir.
Buna görə də, “Toplum TV” bundan sonrakı fəaliyyətini ölkə xaricində yaşayan jurnalistlər vasitəsilə həyata keçirəcək.
Ümid edirik ki, verdiyimiz bu qərarı oxucularımız anlayışla qarşılayacaq.
Ölkə xaricində fəaliyyət göstərməsinə baxmayaraq, “Toplum TV” həmişə olduğu kimi tərəfsiz, qərəzsiz və müstəqil jurnalistikanı ən ali dəyər kimi qəbul edir və edəcək.
Bu dövrdə izləyicilərimizin və həmkarlarımızın işimizə verdiyi dəyər bizim üçün çox qiymətlidir!
Təşəkkür edirik!”