• 11 Fevral 2025 20:34

İran heyvanlar üçün kartofu Azərbaycana göndərir?

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 49 min 476 hektar sahədə kartof əkilib, 995 min 916 ton kartof tədarük olunub. Bu göstərici 2022-ci ilin eyni dövrü ilə həm əkin sahəsində, həm də məhsul yığımında azalma deməkdir.

 

Tacxeber.com xəbər verir ki, bunu iqtisadçı Razi Abasbəyli deyib.

 

İqtisadçı bildirib ki, Azərbaycanın kartofa olan illik daxili tələbatı 1 milyon tona yaxındır:

 

“Məntiqlə yerli tədarük hesabına daxili bazarın tələbatını tam ödəmək olar. Lakin məhsulun bioloji olaraq saxlanması çətindir və saxlanma soyuducuları da yetərli sayda deyil. Ona görə də ölkəmizdə tədarük edilən kartof əsasən xaricə ixrac edilir. 2023-cü ildə Azərbaycandan təxminən 625 min 75 ton kartof (38,42% artım) ixrac edilib. Yəni ölkə daxilində tədarük edilən kartofun 62 faizi Rusiya bazarları başda olmaqla xaricə satılıb.

 

Yenə də 2023-cü ilin statistikasına görə, həmin il xaricdən Azərbaycana 226 min 906 ton kartof idxal edilib.

 

Rəqəmlərdə uyğunsuzluq var. Ya daxildə tədarük edilən kartofun həcmi reallığı ifadə etmir, ya da ixrac və idxal edilən kartofla bağlı statistika”.

 

Ekspert İrandan gətirilən 47 tondan çox kartofun yararsız çıxmasına da münasibət bildirib və bunun ciddi rəqəm olmasına diqqət çəkib:

 

“47 min ton kifayət qədər ciddi bir rəqəmdir. Yəni həqiqətən son günlər yol kənarlarında kisə ilə kiloqramı 40 qəpiyə təklif edilən kartoflar qida üçün yararsızdır? Bu haqda bir fikrim yoxdur. Lakin rəsmi açıqlamada deyilir ki, İrandan gətirilən 47 min tondan çox kartofda “kartof gövdə nematodu” aşkarlanıb.

 

Deməli, Azərbaycanın kartof idxalatında əsas yerlərdən birini tutan İrandan ölkəmizə mətbəxdə istifadəyə yararsız kartofların külli miqdarda daxil olması hər zaman mümkündür.

 

Onu da qeyd edim ki, İran dünyada nişasta istehsal edən əsas ölkələrdən biridir. Eyni zamanda heyvan yemlərinin hazırlanması üçün də böyük ərazilərdə kartof əkilir.

 

İqtisadi sanksiyalar səbəbindən İran adətən sənayedə istifadə edilən nişastanı dünya bazarlarına çıxara bilmir. Bu zaman xarici bazarlara texniki məqsədlər üçün yetişdirilən kartof ixracatı artır. Azərbaycan da İrandan kartof ixrac edən əsas ölkələrdən biridir”.

Tacxeber.com

Oxşar xəbərlər