• 12 Fevral 2025 00:19

Ramil Usubovun qardaşı oğlu 1 milyon dolları qaytara biləcəkmi?

Nərimanov rayon prokurorunun müavini Zeynal Usubov kriptovalyuta işinə 945 min dollar pul yatırıb və aldadılıb.

 

Bunu özü fevralın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində ifadəsində etiraf edib. O, zərərçəkmiş qismində ifadə verib.

 

Zeynal Usubov ötən il prokuror müavini vəzifəsindən azad edilib. Lakin özü də ifadəsində təsdiqləyib ki, 945 min dolları kriptovalyuta biznesinə yatırmaq üçün prokuror müavini işlədiyi dövrdə verib.

 

Zeynal Usubov keçmiş Daxili İşlər Naziri, hazırda Prezident yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun qardaşı oğludur. Onu aldadıb pulunu ələ keçirməkdə ittiham olunan Nizami Alışan isə AzTV-nin keçmiş rəhbəri Arif Alışanovun qardaşı oğludur.

 

Nizami Alışan hazırda həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb. O, Zeynal Usubovla yanaşı, daha iki nəfəri – Babək Məmmədzadə və Yadigar İsrafilovu da investisiya fəaliyyətilə məşğul olan platformada kriptovalyuta alqı-satqısı adı ilə aldadıb, pullarını ələ keçirməkdə ittiham olunur.

 

Zərərçəkmişlərdən Babək Məmmədzadə “Aztelekom” MMC-nin keçmiş baş direktoru Məhəmməd Məmmədovun oğludur. Məhəmməd Məmmədov 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə birlikdə milyonlarla büdcə vəsaitinin yeyintisi ittihamı ilə həbs olunmuş, bir müddət sonra azadlığa buraxılmışdı.

(Gununsesi.info)

Tacxeber.com

Oxşar xəbərlər