Azərbaycanda çoxluq niyə qara rəng geyinir? – Psixoloqdan açıqlama
Rənglərin insanın həyatında rolu danılmazdır. Qədim zamanlardan hər bir konkret rəngə müəyyən məna verilib. Dünyamızın rəngləri bizə təkcə psixoloji və emosional təsir etməklə qalmır, xarakter və sağlamlığımızda da iz qoyur.
Azərbaycanda ən çox istifadə olunan rənglərdən biri olan qara rəng, xüsusilə insanların seçimlərini və daxili vəziyyətlərini əks etdirən mühüm bir faktor olaraq qarşımıza çıxır. Bu rəngin seçilməsinin yalnız modaya uyğun olmaqla əlaqəli olmadığını, əslində daha dərin psixoloji və mədəni səbəblərin olduğunu söyləmək mümkündür.
Küçədə, iş yerlərində, tədbirlərdə və gündəlik həyatda insanların qara geyimə üstünlük verməsi diqqət çəkir. Halbuki bir çox ölkələrdə insanlar daha rəngarəng və cəsarətli geyimlər seçir. Bəs bu qara sevginin arxasında nə dayanır? İnsanlar niyə əlvan rənglərdən çəkinir? Qara rəng güvən hissini artırır, yoxsa daxili psixoloji vəziyyətin bir əksi kimi çıxış edir?
Bu barədə Moderator.az-a danışan psixoloq Aynur İsmayılova deyir ki, qara rəng, rənglərin ən klassik və güclü simvollarından biridir. Dünyada ilk olaraq qara və ağ rənglər mövcud olmuş, digər rənglər isə bu iki əsas rəngin çalarları əsasında yaranmışdır:
“Məsələn, qırmızı rəngin tündlüyü artırıldıqca, sonda qara rəngə qədər gedib çıxa bilər. Eyni şəkildə, açıq rənglər isə ağ rəngin açıq tonları olaraq formalaşmışdır. Qara rəng, eyni zamanda həm ciddiliyin, həm də gizliliyin simvoludur. Sosial aləmdə, xüsusilə yüksək vəzifədə olan şəxslərin, prezidentlərin və ya avtoritet insanların geyimində bu rəng mütləq şəkildə yer alır. Çünki qara rəng, status və güc göstəricisi olaraq qəbul edilir. Onun tündlüyü və sadəliyi, ciddilik və peşəkarlığı ifadə edir. Azərbaycanda qara rəngə olan üstünlük, yalnız sosial status və ciddilik simvolu olmaqla məhdudlaşmır. Bu rəng, eyni zamanda soyuqluğu, sərhədlərin qorunmasını və müəyyən bir qapanma hissini də ifadə edir. Qara rəngin mənasında bir matəm və ya kədər hissi də vardır. Mədəniyyətimizdə, xüsusilə matəm dövründə, kədərli vəziyyətlərdə qara rəngin seçilməsi, bu rəngin emosional təzahürüdür. Bu səbəbdən Azərbaycanda insanlar, tünd rəngli geyimlərə daha çox üstünlük verirlər. Bu, həm də sosial və psixoloji səbəblərlə bağlıdır”.
Psixoloq əlavə edib ki, günəşli ölkədə olmağımıza baxmayaraq sanki qəmi, kədəri üstün tutduqlarına görə tünd rənglərə üstünlük verirlər: