Türkiyə və Türkmənistan qaz tədarükü barədə razılığa gəliblər
![Qurbanqulu Berdiməhəmmədov "Şərq-Qərb" boru kəmərinin açılış mərasimində. 2015](https://gdb.rferl.org/51DF0ECE-6831-40A5-AE20-1D49C6762EBB_cx0_cy3_cw0_w1023_r1_s.jpg)
Qurbanqulu Berdiməhəmmədov “Şərq-Qərb” boru kəmərinin açılış mərasimində. 2015
Türkiyə və Türkmənistan türkmən təbii qazının Türkiyəyə nəqlinin asanlaşdırılmasına dair saziş imzalayıblar. “Reuters” xəbər verir ki, bunu fevralın 11-də Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib.
Nazirin sözlərinə görə, Türkiyənin dövlətə məxsus boru kəməri operatoru BOTAŞ ilə Türkmənistanın “Turkmengaz” şirkəti arasında bağlanmış saziş qaz axınının martın 1-dən başlanmasını hədəfləyir.
Türkiyə ildə 50 milyard kubmetrdən çox qaz istehlak edir. Ölkə qaz tələbatını Rusiya, Azərbaycan və İrandan boru kəməri vasitəsilə nəql olunan qazla yanaşı, müxtəlif tədarükçülərdən mayeləşdirilmiş təbii qaz (LNG) idxalı ilə qarşılayır.
“Uzun illər üzərində çalışdığımız bu anlaşma iki ölkə arasındakı strateji əməkdaşlığı daha da irəli aparacaq, eyni zamanda ölkəmizin və regionumuzun təbii qaz təchizatı təhlükəsizliyini gücləndirəcəyik”, – nazir Bayraktar bəyanatında bildirib. O, daha əvvəl Türkiyənin Türkmənistandan illik 2 milyard kubmetr qaz ala biləcəyini bildirmişdi. Qazın İranın mövcud təbii qaz şəbəkəsi vasitəsilə nəql edilməsi gözlənilirdi.
Türkmənistan hökumətinin nümayəndəsi də ilkin mərhələdə ildə 2 milyard kubmetr qazın İran vasitəsilə tədarükünün mümkün olduğunu qeyd edib. O, həmçinin Türkmənistandan Azərbaycana və oradan Türkiyəyə qədər Xəzər dənizi dibindən qaz boru kəməri tikintisi ilə bağlı ayrıca layihənin də ölkələr arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində müzakirə olunduğunu bildirib.
Yeni saziş çərçivəsində tədarük ediləcək qazın həcmi və İran vasitəsilə tranzitin dəqiq şərtləri barədə ətraflı məlumat verilməyib. (Azadlıq Radiosu)