Səməd Vurğun Rəsulzadənin qəbirini ziyarət edib? – “Məni novxanılının məzarına aparın”
“Məncə, Qəşəm Nəcəfzadə barıtı bir az çox edib, özü də Səməd Vurğunun xeyrinə”.
Tacxeber.com xəbər verir ki, bunu “Facebook” səhifəsində jurnalist Cavid İsmayıl yazıb.
O, AYB üzvü olan şair Qəşəm Nəcəfzadənin globalinfo.az saytında Səməd Vurğun haqqında dilə gətirdiyi ifadələrə münasibət bildirib.
C. İsmayıl yazıb: “Aşağıdakı cümlə diqqətimi cəlb etdi: “Adam Məhəmməd Əmin Rəsulzadəni şeirində tənqid edib, sonra da gedir onun məzarı başında ağlayaraq ondan üzr istəyir. Səməd Vurğun belə adam olub”.
Məncə, Qəşəm Nəcəfzadə bu məsələdə barıtı bir az çox edib, özü də Səməd Vurğunun xeyrinə.
Əvvəla, Səməd Vurğun şeirində Rəsulzadəni tənqid yox, təhqir edib.
İkincisi, Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da, Səməd Vurğun isə 1956-cı il mayın 27-də vəfat edib. Cəmi bir il fərq var ölüm tarixləri arasında, bu səbəbdən gerçək olması inandırıcı deyil.
Mən vurğunşünas olmadığım üçün Səməd Vurğunun Türkiyəyə səfər edib-etmədiyini bilmirəm, amma rəsmi bioqrafiyasına görə Səməd Vurğunun son xarici səfəri 1955-ci ildə Çinə olub. Sonra səhhəti ağırlaşıb və xarici səfərlərə gedə, hətta 1956-cı ilin martında keçirilən 50 illik yubileyinə belə qatıla bilməyib.
Qəşəm Nəcəfzadənin danışdığı hadisə daha çox Süleyman Rüstəmə şamil olunur. Amma gerçək olub-olmadığını bilmirəm. Deyilənə görə, gecənin qaranlığında Ankarada Azərbaycan Kültür Dərnəyinin qapısını döyüb və qapını açan adama “Məni novxanılının qəbrinə aparın”, – deyə xahiş edib. Niyə belə deyib? Çünki Rəsulzadə də, Süleyman Rüstəm də Novxanıdan idilər. Əgər hadisə gerçəkdən baş veribsə, şübhəsiz ki, Süleyman Rüstəm aşağıdakı şeirinə görə Rəsulzadənin məzarından əfv diləməyə gedibmiş: