Bölgələrdəki villalar eks-nazirlərə baş bəlası olub – SATA BİLMİRLƏR

Bölgələrdə torpaqların müxtəlif yollarla zəbt edilməsi, xüsusilə məmurlar və imkanlılar tərəfindən yol verilən bu cür hərəkətlər cəmiyyətdə həmişə ciddi narahatlıq yaradıb. Kənd təsərrüfatı məqsədli dövlət torpaqlarının yanlış idarə olunması ilə bağlı müzakirələr zaman-zaman gündəmə gəlib.
Tacxeber.com modern.az-a istinadən bildirir ki, Azərbaycanın bəzi rayonlarında minlərlə hektar torpaq sahələrinin hasarlandığına dair indi də məlumatlar var. Orada heç bir fəaliyyət göstərilmir. Zəbt edilmiş torpaqların əsasən iri məmurlara, eks-məmurlara, oliqarxlara məxsus olduğu bildirilir.
Bu rayonlar sırasında Abşeron, Beyləqan, Bərdə, Göygöl, Goranboy, Xaçmaz, Quba, Qusar, Şamaxı, Xızı, İsmayıllı kimi rayonlarının adları çəkilir.
Əkinə yararlı sahələrin, örüş yerlərinin hasarlaması və illərdir toxunulmaz ərazilər kimi zəngin insanların mülkiyyətində saxlanılması hətta əvvəllər bir neçə dəfə rəsmi toplantılarda müzakirə mövzusu olub.
İllərdir hasarlanıb becərilməyən kənd təsərrüfatı təyinatlı iri torpaq sahələrinin şəxsi mülkiyyətdə saxlanılması isə bölgələrdə heyvandarlığın, əkinçiliyin, meyvəçiliyin də məhdudlaşmasına səbəb olub, aqrar sahənin inkişafına mənfi təsir göstərib.
Belə torpaqları zəbt edilməsi bir neçə səbəbə görə baş verib. Bu hadisə adətən korrupsiya, qanunsuz əməllər və gücün sui-istifadəsi ilə əlaqələndirilir.
Vaxtilə yüksək vəzifələrdə məmurluq edənlər torpaqların qiymətinin artmasından faydalanmaq və ya öz şəxsi maraqlarını təmin etmək üçün əraziləri zəbt ediblər. Bu, torpaq satışından əldə edilən gəlirin özlərinə yönəldilməsi məqsədi güdüb.
Bundan başqa, kimlərsə iqtisadi güc əldə etmək üçün böyük torpaq sahələrini ələ keçirməklə, özlərinin cəmiyyətdəki təsirini artırmağa çalışıblar.
Torpaq sahələrini tutanlar təbii ki, vəzifələrindən sui-istifadə ediblər.