• 20 Fevral 2025 00:02

Fazil Qasımovun vəkili: “Bu işdə danışılası adam elə Qubad İbadoğluğur“

Bakı Ağır Cinayətlər Məhkəməsində iqtisadçı alim “Qubad İbadoğlu işi”nə görə həbs edilmiş Fazil Qasımovun və Anar Əliyevin məhkəməsi davam edir. 

 

Sonuncu məhkəmə iclasında hakim Mahirə Kərimova sənədlərin təqdiqiqin başa çatdığını bildirib və Fazil Qasımova ifadə verməyi təklif edib.

Ancaq vəkil Fuad Ağayev etiraz edərək bildirib ki, sənədlər tam tədqiq olunmayıb. Fazil Qasımovsa yerindən bildirib ki, onun da vəsatətləri var.

Anar Əliyev üzünü Fazil Qasımova tutaraq: “Fazil, sənin qarnını yaracam”, – deyib.

 

Hakim bildirib ki, Fazil Qasımov aylardır ki, eyni vəsatətləri qaldırır və o vəsatətlərlə bağlı məhkəmə öz münasibətini bildirib:”Vəkil hansı sənədin tədqiqini istəyirsə, məhkəmə dinləməyə hazırdır”.

 

Vəkil  Fuad Ağayev təqsirləndirilən şəxs Anar Əliyevin ərizəsinin elan edilməsini istəyib. Köməkçi hakim Anar Sadıqov Anar Əliyevdən “vəkil sizinlə bağlı sənədin elan edilməsini istəyir. Sənədlər elan edilmiş hesab edilsinmi?” – deyə soruşub. Anar Əliyev sənədin elan edilmiş hesab olunmasını istəyib. Vəkil buna “materialların 99 faizi onunla bağlıdır”, – deməklə etiraz edib. Deyib ki, məhkəmə həqiqətlərin üzə çıxmaması üçün Anar Əliyevlə bağlı sənədlərin tədqiqini qəsdən əngəlləyir. Sənədlər tədqiq olunmur, ancaq tədqiq olunmuş hesab edilir: “Anar Əliyev saxlanılandan sonra Bakı İstintaq Təcridxanasına aparılır, sonra da DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılaraq orada 22 gün qanunsuz saxlanılır. Oradan çıxandan sonra ərizə yazır ki,  saxta pullarla bağlı düzgün ifadə verməyib. Ancaq siz onun həmin ərizəsinin tədqiq edilməsini istəmirsiz”, – vəkil hakimlərə narazılığını bildirib.

 

Daha sonra vəkil Fuad Ağayev Qubad İbadoğlunun ifadələrinin elan edilməsini istəyib. Prokuror bildirib ki, bu, vəkilin eyni məzmunlu ikinci vəsatətidir. F.Ağayevsə əvvəlki vəsatətin İbadoğlunun dindirilməsiylə bağlı olduğunu xatırladıb. Hakim yerində müşavirədən sonra Qubad İbadoğlunun ifadələrinin elan edilməsinə zərurət olmadığını deyib. Vəkil Fuad Ağayev yenə etiraz edib: “Siz nə danışırsız? Bu adamlara ittiham verilib və ittiham aktında əsas şəxs kimi Qubad İbadoğlu göstərilib. Ötən iclaslarda Qubad İbadoğlunun dindirilməsinə dair vəsatətimizi təmin etmədiniz, indi də ifadələrini elan etmirsiz. Bəs onda siz nə istəyirsiniz?”

 

Bundan sonra vəkil İbadoğlunun müdafiəçisinin kompüter ekspertizasının keçirilməsi barədə vəsatətinin, İbadoğlu ilə Anar Əliyevin üzləşməsi protokolunun, daha bir neçə vəsatətin və sənədin elan edilməsini istəyib. Hakim məhkəmənin bunlara zərurət görmədiyini bildirib.

Fuad Ağayev: – Anar Əliyev tutulanda belə ad qoyublar ki, o,  FETÖ-nün Azərbaycanda təşkilati işlərinə cavabdeh şəxsdir. Sonra dinamika dəyişib. Qubad İbadoğlu söhbəti çıxıb ortalığa, Gümrahın adı səslənib, lap axırda – 31 iyulda da Fazilin adını çəkiblər. Siz imkan vermirsiz ki, bu dinamikanı nümayiş etdirim. Siz ədalət mühakiməsini bu şəkildə həyata keçirmək istəyirsiz?

 

Hakim: – Fuad müəllim, siz sistemə çox sənəd yükləmisiz. Onların hamısını indi bir-bir elan edək?

Vəkil: – Heç olmasa Gümrah Əbdürəhmanovun mühakimə olunması barədə 24 iyul 2024-cü il tarixli hökmü elan edin. Həmin işdəki saxta pul əskinasları başqa işlərdə də istifadə olunub və hamsında da ibtidai istintaqı DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparıb.

 

Hakim vəkilin səsləndirdiyi sənədlərin də elan olunmasına zərurət görməyib.

Sonra Fazil .Qasımovun əvvəlki iclaslardan baxılmamış saxlanmış çoxsaylı vəsatətlərinin müzakirəsi olub. Ancaq o vəsatətlərin heç biri təmin edilməyib.

Nəhayət, Fazil Qasımov ifadə verməyə başlayıb. O, bildirib ki, təhsildə yüksək nailiyyətlər qazandığına görə Prezident təqaüdünə layiq görülüb, yüzdən çox professordan dərs alıb. F.Qasımov elmlə məşğul olan adamın saxta pul ittihamı ilə həbs olunmasını özünə və dərs aldığı müəllimlərinə qarşı hörmətsizlik hesab etdiyini vurğulayıb. İşindən, fəaliyyətindən danışdıqdan sonra Qubad İbadoğlu ilə tanışlıq və ünsiyyətin yaranması hissəsinə çatanda hakim onun sözünü kəsib. Vəkil Fuad Ağayev bildirib ki, bu işdə danışılası adam elə Q.İbadoğluğur, çünki Fazil Qasımov məhz o şəxsə görə ilyarımdır həbsdədir: “Qubad İbadoğlunun məhkəmədə dindirilməsini, ifadəsinin elan olunmasını təmin etmədiniz, hətta Fazil Qasımovun aralarındakı tanışlıqdan, ünsiyyətdən danışmasına da imkan vermirsiniz” – vəkil etirazını bu sözlərlə bildirib.

 

Hakimsə icraatında başqa işlər olduğunu bildirərək növbəti məhkəmə iclasını fevralın 20-nə təyin edib.

Fazil Qasımov iqtisadçı alim və siyasətçi Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb, Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham olunur. Özü ittihamı rədd edir. Anar Əliyevə qarşı isə həm saxta pul əldə etmə, həm də qanunsuz odlu silah saxlamaq ittihamı irəli sürülüb. O, özünü qismən təqsirli bilir.

 

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. O, ittihamları rədd edir.

 

Q.İbadoğlu ötən ilin aprelində ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri dəyişdirilib və o, polis nəzarətinə verilib.

Hazırda Fazil Qasımovla Anar Əliyevin işi ayrıca icraata götürülüb. Q.badoğlunun istintaqı isə yekunlaşmaq üzrədir və yaxın vaxtlarda iş məhkəməyə göndəriləcək. (ToplumTV)

 

Tacxeber.com

Oxşar xəbərlər