• 21 Fevral 2025 06:21

“Rusiyanı sevmirsən, Şərq meyillisən, çox gözəl, get fars dilini öyrən”

“Mənim həyatımda ən böyük uğur kimi Moskvada Kinomotoqrafiya institutunda təhsil almağımdır. Bəzən düşünürəm ki, mən ora daxil olmasaydım, məndən nə olardı? O ki qaldı türk dilinə, rus dili Azərbaycan dili üçün təhlükə deyil. Amma türk dili Azərbaycan dili üçün təhlükəlidir. Şəxsən mənim tələbəm “qəsəbə” əvəzinə “kasaba” deyir”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri “Baku TV” efirində kinorejissor Ayaz Salayev bildirib.

 

O rusdilli məktəblərin bağlanmasına dair mübahisələrə münasibət bildirərkən qeyd edib ki, illərdir təhsil sahəsində Azərbaycan sektoru rus sektorundan səviyyəcə geri qalır:

 

“Rus dilinin hesabına dilimiz ayrı bir dil kimi qorunub saxlandı. Mən belə düşünürəm ki, ən az orta təhsili olan adam doğma dili səviyyəsində daha bir dil bilməlidir. Bir insanın beyninə ikinci bir dil yerləşmirsə, o görək gedib kənd təsərrüfatı ilə məşğul olsun.

 

Ümumiyyətlə, belə adamın şəhərdə işi yoxdur. Rusiyanı sevmirsən, Şərq meyillisən, çox gözəl. Get ərəb, fars dilini öyrən.

 

Niyə görə valideynlər öz uşaqlarını rus sektoruna qoyurlar? Yəni insan öz uşağına zərər vermək istəyər? Yox. Rus sektorunu bağlamaq yerinə Azərbaycan sektorunun səviyyəsini elə qaldırmaq lazımdır ki, hamı ora getsin. Amma qaldıra bilmirlər. Ancaq bağlamaq, bağlamaq!

 

Bu 30-cu illərdə almanların yəhudilərlə rəqabət apara bilməyib, onların mağazalarının güzgülərini sındırmağına bənzəyir”.

 

Ayaz Salayavev mövzu ilə bağlı öz ailəsindən maraqlı misal da çəkib:

 

“Mən bura çox sərt və səmimi danışmaqdan ötrü gəlmişəm. 4 övladım var. Böyük qızımı 1991-ci ildə birinci sinifə, Azərbaycan sektoruna qoyduq. Məktəbin direktoru mənə yaxınlaşıb dedi ki, Ayaz müəllim, sizə böyük hörmətim var, bunu sizə deməyi özümə borc bilirəm ki, Azərbaycan sektoru müəllimləri çox zəifdir.

 

Nəticədə, sentyabrın 2-dən qızım rus sektoruna getdi. 4 övladımın hər biri rus sektorunda oxuyub, hamısı da vətənpərvərdir. 30 il ərzində Azərbaycan-rus sektoru formalaşıb. Bu artıq bizim rus dilimizdir, Rusiyanın rus dili deyil. Rusiyada 8 il yaşamışam, şovenizm nədir, çox yaxşı bilirəm”.

Tacxeber.com

Oxşar xəbərlər