• 22 Fevral 2025 12:14

Nurlan Libre barəsində həbs qətimkan tədbiri seçildi

Fevralın 21-də jurnalist Nurlan Libre (Qəhrəmanlını) barəsində 1 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Bu barədə Xətai Rayon Məhkəməsində istintaq orqanının təqdimatı üzrə qərar qəbul olunub.

 

Məhkəmə təqdimatı təmin edib.

Daxili İşlər Nazirliyi onun “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanıldığını təsdiqləyib.

Nurlan Libre də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham edilir.

O, fevralın 20-də günorta saatlarında Bakıda saxlanılıb.

 

Yaxınlarının yaydığı məlumata görə, jurnalist Bakıda saxlanıldıqdan sonra Sumqayıtda yerləşən evinə aparılıb və evində axtarış keçirilib.

Nurlan Libre daha əvvəl bir neçə dəfə saxlanılıb, inzibati həbs cəzalarına məhkum edilib və təzyiqlərə məruz qaldığını bildirib.

Jurnalist 2023-cü ilin sentyabrın 13-də Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılmış və DTX-da müharibə əleyhinə yazdığı paylaşımlarına görə təhdid olunduğunu bildirmişdi.

 

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.

 

Fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa) də saxlanılıb. Onun barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. (ToplumTV)

 

Tacxeber.com

Oxşar xəbərlər