• 22 Fevral 2025 21:59

“Düşmən”in dilini bilmək lazımdır” – “Nə rus dilini bilirik, nə də özümüzkünü, qalmışıq ortada!”

 

“Mən dil məsələsinə bir az fərqli bucaqdan baxıram. Dil bilmək gözəl şeydir və nə qədər çox dil bilsən, bir o qədər yaxşıdır. Sadəcə olaraq, bizdə dil öyrənməklə hansısa başqa bir dildə təhsil almağı qarışdırırlar. Mən özüm Azərbaycan bölməsində oxumuşam. Bizə 2-ci sinifdən etibarən, həftədə 5 dəfə rus dili dərsi tədris olunurdu. Rus məktəblərində Azərbaycan dili dərsi var idi, amma buna barmaqarası baxılırdı. Çünki orda digər millətlər də oxuyurdu”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri TV Musavat-a msahibsəində Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib.

 

O qeyd edib ki, rus dilində təhsil almaq istəyənlər üçün yalnız özəl məktəblər olmalıdır:

 

“Eşitdiyimə görə, rus bölmələrində Azərbaycan ədəbiyyatını və tarixini Azərbaycan dilində tədris eləmək istəyirlər. Bu da müəyyən narazılığa səbəb olur. bu fənləri Azərbaycan dilində tədris eləmək lazım deyil. Sadəcə olaraq rus dilində əməlli-başlı ədəbiyyat və tarix dərsləri öyrədilməlidir. Rus dilini öyrənmək lazımdır. “Düşmən”in dilini bilmək lazımdır. Rusiya istəsək də, istəməsək də qonşumuzdur. 2 əsr onun müstəmləkəsi olmuşuq. Bu dili bilməliyik.

 

Sovet dövründə istənilən milli respublikada ruslardan üstün idik. Çünki ikidilli idik. Həm rus dilini bilirdik, həm də ən az bir xarici dil.

 

Qanunvericiliyə görə, istənilən etnik qrup, yaxud hər hansı millətin nümayəndəsi öz dilində ən azından ilkin ibtidai təhsilini ala bilər. Bu, təkcə rus dilinə aid deyil. Rus millətindən olan biri öz ana dilində oxumaq istəyirsə, ona bu şərait yaradılmalıdır. Hansısa azərbaycanlı ailə öz övladını rus dilində oxutmaq istəyirsə, özəl məktəbdə oxutdura bilər. Hansı dildə oxuyursansa, istədin-istəmədin ruhu canına hopacaq. Biz ruhumuzu itirməməliyik”.

 

Elçin Şıxlı rus bölməsini bitirən şagirdlərin qəbul balları ilə bağlı nüansı da diqqətə çatdırıb:

 

“Təyyarə qəzasından əvvəl Putin çıxışlarında deyirdi ki, Azərbaycanda 300-dən çox rus məktəbi var. Bunu Rusiyanın diktəsi ilə etməmişik. Sadəcə beynimizdə belə bir fikir formalaşıb ki, rus mətkəblərində təhsil Azərbaycan məktəblərindən daha yaxşıdır. Elə deyil. Elementar qəbul ballarına fikir verin. Azərbaycan sektorunda minimal qəbul balı 600 olanda, rus bölməsində 200-250-dir. Yəni yarıbayarı aşağı.

 

Mən 20 il əvvəl jurnalistika fakültəsinin rus bölməsində dərs demişəm. Orada təhsil alan tələblərin heç də hamısı rus dilini bilmirdi. Rus dilində jurnalistikanı bitirir, amma rus dilində yaza bilmir. Elə isə niyə rus dilində oxuyurdun?

 

Rus dilini sadəcə dil kimi öyrənməliyik. Bu o demək deyil ki, uşaqlarımızı rus məktəblərində oxutdurmalıyıq. Uşaq rusu da, farsı da, ingilisi də bilməlidir”.

 

E. Şıxlı “Rus evi”nin bağlanmasından da münasibət bildirib:

 

“Rus dilini birdən-birə qadağan etmək düzgün deyil. Çünki müəyyən bir nəsil var ki, onlar hazırda rus məktəblərində oxuyur. İstənilən halda bu uşaqların 80-90 faizi Azərbaycanda qalacaq. Bu adam öz dilində bilməsə, necə işləyəcək?

 

Biz nə öz dilimizi yaxşı bilirik, nə də rus dilini. Qalmışıq ortada. Çoxları elə bilir ki, mən rusdilli adamam. Mən məktəbi Azərbaycan dilində oxumuş və bunu dəfələrlə demişəm.

 

Atam həmişə deyərdi ki, mənim yazdığım əsərləri öz övladlarım ana dillərində oxuya bilməyəcəklərsə, kimin üçün yazıram?! Bizim yazıçıların həyətində, keçmiş Hüsü Hacıyev küçəsində rus bölməsində oxuyan demək olar ki, yox idi. Uşaqların hamısı Azərbaycan bölməsində təhsil alırdı. Bununla yanaşı rus dilini bilirdik. Mənim rus dilini yaxşı bilməyimin digər səbəbi isə dayəmin rus olmasıdır. Bizim evdə ümumiyyətlə rus dilində danışan yox idi.

 

“Rus evi”ni bağladıq. Bizim güc strukturları da, xüsusi xidmət orqanları da bilirdilər nə var, nə yox. Sadəcə olaraq nəzarət edirdik. Amma Azərbaycana münasibət belə olanda, biz də addımlar atırıq”.

Tacxeber.com

Oxşar xəbərlər