ASA: Qarlı havaya görə 1500-ə yaxın avtomobilə 1 mln. manatadək ziyan dəyib
Bu il fevralın 21-dən etibarən ölkə ərazisində qeydə alınan qarlı hava şəraiti nəticəsində qeydə alınan sığorta hadisələrinin sayı məlum olub.
Tacxeber.com xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, fevral ayının 24-nə olan məlumata görə, 7 sığorta şirkətinə sığortalanmış avtonəqliyyat vasitələri və daşınmaz əmlaklara dəymiş zərərlə bağlı ümumilikdə 1496 müraciət daxil olub. Bu müraciətlərin 1257-si “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 235-i “Kasko” sığorta növü, 4-ü isə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə baş vermiş hadisələrlə əlaqədar olub. Sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin böyük əksəriyyəti paytaxt Bakıda qeydə alınıb.
ASA-dan qeyd edilib ki, sığorta şirkətlərinin verdiyi məlumata görə, 1496 hadisədən 1010 hadisə üzrə ehtimal olunan zərər məbləği 652 min manat müəyyən olunub, 486 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi aparılır.