• 26 Fevral 2025 23:37

Putin Trampa nadir torpaq metallarını birgə çıxarmağı təklif edir

Rusiya ərazisindən başqa, həm də Ukraynanın işğal olunmuş rayonlarını nəzərdə tutan bu müqavilənin bağlanması mümkündürmü?

 

Vladimir Putin ABŞ-yə nadir torpaq metallarının çıxarılması üçün birgə layihələrdə iştirak etməyi təklif edib, burada söhbət təkcə Rusiya ərazisindən deyil, həm də Ukraynanın işğal olunmuş rayonlarından gedir. ABŞ Prezidenti Donald Tramp artıq Rusiyanın nadir torpaq metalları ilə maraqlandığını bildirib.

Sanksiyalar altında belə bir razılaşma mümkündürmü? Rusiyada bu cür metalların neçə yatağı var və oradan ümumiyyətlə nəsə çıxarılırmı? “Novaya qazeta.Yevropa” bu və digər sualları araşdırıb.

Rusiya və ABŞ-nin nadir torpaq metallarına ehtiyacı varmı?

Nadir torpaq metalları dünyada çox az həcmdə olduğu üçün belə adlanır. Bu qrupa 17 kimyəvi element, o cümlədən 15 lantanid və oxşar kimyəvi xüsusiyyətlərə malik skandium və itrium daxildir. Onların hamısı oda davamlıdır və oksidləri suda həll olunmur. Yer qabığında kifayət qədər belə metal var, amma hasilatı olduqca çətindir və minerallardan və süxurlardan təmizləndikdən sonra emalı baha başa gəlir.

Nadir torpaq metalları radioelektronika, nüvə, kimya və neft-kimya sənayesində, maşınqayırmada, metallurgiyada, eləcə də şüşə və müdafiə sənayesində geniş istifadə olunur. Başqa sözlə, iqtisadiyyatın bütün müasir sahələrində. Məsələn, onlar akkumulyatorların (o cümlədən, smartfonlar və elektrik avtomobilləri üçün), tibbi avadanlıqların, “yaşıl enerji”nin (məsələn, günəş panelləri) və kosmik sənaye üçün komponentlərin (döyüş raketlərinin təyinatlı başlıqları da daxil olmaqla) istehsalında istifadə olunur. Bütün dünyada, o cümlədən Rusiyada onlara tələbat getdikcə artır.

 

Çin bu xammalın dünyada aparıcı ixracatçısı sayılır: 2022-ci ildə “Bloomberg”-in məlumatına görə, hasil edilən nadir torpaq metallarının üçdə ikisindən çoxu onun payına düşüb və onların qlobal emalında ölkənin payı 90%-ə çatır. Çində bu mineralların ehtiyatları 44 milyon ton və ya dünya ehtiyatlarının 34%-ni təşkil edir.

Yeni Amerika Prezidentinin ən mühüm məqsədlərindən biri ABŞ-nin Çindən iqtisadi asılılığına son qoymaqdır.

 

Rusiya hakimiyyəti nadir torpaq metalları haqqında nə deyir?

Fevralın 24-ü axşam Rusiya Prezidenti Vladimir Putin görüş keçirərək ABŞ-yə nadir torpaq metallarının çıxarılması üzrə birgə layihələrdə iştirak etməyi təklif edib. “TASS”-ın məlumatına görə, əməkdaşlıq “Donbass və Novorossiyadakı” ehtiyatlara aid ola bilər.

 

“Biz bu sahədə Amerika şirkətləri ilə birgə işləmək barədə düşünə bilərik. Məsələn, Krasnoyarsk vilayətində hələ sovet dövründə yeni su elektrik stansiyasının tikintisi və alüminium üçün əlavə istehsal müəssisələrinin yaradılması nəzərdə tutulurdu”.

Onun sözlərinə görə, belə bir layihəyə investisiyalar ilkin olaraq 15 milyard dollar qiymətləndirilir. O əlavə edib ki, Birləşmiş Ştatlar Rusiya metallarının idxalını məhdudlaşdıran sanksiyaları aradan qaldırsa, Rusiya Amerika bazarında “təxminən 2 milyon ton” alüminium satmağa hazırdır.

 

Putin Rusiyanın işğal olunmuş Ukrayna əraziləri də daxil olmaqla Ukraynadan daha çox nadir torpaq metallarına malik olduğunu və Rusiyanın bu metal ehtiyatlarına görə lider ölkələrdən biri olduğunu iddia edir.

 

Putinin mətbuat katibi Dmitri Peskov fevralın 25-də əlavə edib ki, Rusiyada ABŞ-nin ehtiyacı olan çoxlu nadir torpaq metalları var:

 “Bu, əməkdaşlıq üçün kifayət qədər geniş perspektivlər açır”. 

 

ABŞ Rusiyanın nadir torpaq metalları haqqında nə deyir? AB nə təklif edir?

Fevralın 24-də ABŞ Prezidenti Donald Tramp təbii sərvətlərə dair saziş imzalamaq üçün yaxın iki həftə ərzində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməyi planlaşdırdığını bildirib. Tramp Kiyevlə nadir torpaq metalları üzrə sazişin tezliklə imzalanmasına ümid etdiyini deyib. Onun sözlərinə görə, ABŞ Rusiyanın nadir torpaq metallarına da maraq göstərir.

 

ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, saziş “Ukrayna ilə Rusiya arasında sülhə” nail olmaq və Kiyevə “iqtisadi təhlükəsizlik zəmanəti” vermək məqsədi daşıyır.

Alternativ olaraq, Aİ Kiyevə “kritik əhəmiyyətli materiallar” üzrə razılaşmanın öz variantını təklif edib.

 

“Avropanın ehtiyac duyduğu 30 əsas materialdan 21-i qarşılıqlı faydalı tərəfdaşlıq çərçivəsində Ukrayna tərəfindən təmin oluna bilər”, – deyə Aİ-nin sənaye strategiyası üzrə komissarı Stefan Sejurne bildirib. Onun sözlərinə görə, Brüssel Kiyevdən yardım xərclərinə görə təzminat tələb etməyəcək.

 

Rusiyada neçə əsas nadir torpaq metal yatağı var?

Rusiya həqiqətən də nadir torpaq ehtiyatlarının və onların yataqlarının ən böyük istehsalçıları siyahısındadır. Siyahıya həmçinin ABŞ, Birma, Avstraliya, Tayland, Braziliya, Qrenlandiya, Hindistan, Kanada və Vyetnam daxildir.

 

Fevralın 12-də Federasiya Şurasında keçirilən dəyirmi masada Rusiyanın Yer təkindən İstifadə üzrə Federal Agentliyinin rəhbəri Oleq Kazanovun verdiyi məlumata görə, Rusiyada 28,5 milyon ton nadir torpaq metalları kəşf edilib. Bu, dünya ehtiyatlarının təxminən 20%-ni təşkil edir. Eyni zamanda, ABŞ Geoloji Xidmətinin başqa rəqəmləri də var: 2024-cü ilin məlumatlarına görə, bu faydalı qazıntıların ehtiyatları dünya üzrə 110 milyon ton, o cümlədən Çində 44, Vyetnamda daha 22, Braziliyada 21, Rusiyada isə 10 milyon tondur.

 

Rusiyada nadir torpaq metallarının emalı ilə bağlı hansı problemlər var?

Bu gün Rusiya Federasiyasında nadir torpaq metallarının 90%-i idxal olunur, ölkədə istehsalı 1% -dən azdır, emalı isə demək olar ki, həyata keçirilmir.

Bu barədə Yerin təkindən istifadə üzrə Federal Agentlik rəhbərinin müşaviri Dmitri Oleynik bildirib. “The Observatory of Economic Complexity”nin məlumatına görə, Rusiya 2023-cü ildə 2,78 milyon dollar dəyərində nadir torpaq metalları, skandium və itrium idxal edib və bu, onu dünyanın 12-ci ən böyük idxalçısı edib.

 

“Çin mədəndən tutmuş nadir torpaq elementlərinin emalına qədər bütün texnoloji zənciri qurur. Bu zaman ölkəmiz qlobal istehsalın 1%-dən azını təşkil edir və bizdə faktiki olaraq heç bir ayırma qurğusu yoxdur”, – deyə Oleynik bildirib.

Eyni zamanda, Rusiyada nadir torpaq metallarının tam emalı hələ mümkünsüzdür və nadir torpaq məhsullarının idxalından asılıdır, yataqlar infrastruktur obyektlərindən uzaqda yerləşir, deyə Rusiya Elmlər Akademiyasının akademiki Nikolay Bortnikov bildirib.

 

Niyə müqavilə real görünmür?

Putin və Trampın bəyanatlarına baxmayaraq, sadəcə olaraq müqavilə bağlamaq və nadir torpaq metallarının birgə işlənməsinə başlamaq mümkün olmayacaq. Rusiyaya qarşı sanksiyalar bu məsələdə ölkələr arasında əməkdaşlığı qadağan edir.

 

Bundan əlavə, martın 12-dən ABŞ-də Trampın polad, alüminium və onlardan başqa ölkələrdə hazırlanan məmulatlara tətbiq etdiyi 25 faizlik idxal rüsumları qüvvəyə minəcək. “The Washington Post”un yazdığına görə, çətin ki, hər hansı bir Amerika şirkəti Ukraynanın işğal olunmuş ərazisində bizneslə məşğul olmaq riskinə girsin. (MeydanTV)

 

Tacxeber.com

 

Oxşar xəbərlər