• 28 Fevral 2025 00:39

Azərbaycan hökuməti Kadırovun təltifinə necə baxır?

Xəbər verdiyimiz kimi, Çeçenistan rəhbəri Ramzan Kadırov 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL-a məxsus “Embraer E190” sərnişin təyyarəsinin ekipaj üzvlərini “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalları ilə təltif edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə TREND Azərbaycan hökumətindəki mənbələrdən məlumat ədlə edib. Məlumata görə, Çeçenistan rəhbərliyinin ifadə etdiyi bu mövqe Azərbaycan tərəfindən məqbul hesab edilir.

 

Bildirilib ki, qəza baş verəndən sonra Çeçenistan rəhbərliyi tərəfindən bəzi şəxslərin təltif edilməsi Azərbaycan cəmiyyətində haqlı olaraq kəskin hiddət yaratmışdı. Ancaq aparılan araşdırmalar göstərdi və Azərbaycan tərəfində də dəqiq məlumat var ki, Çeçenistan rəhbərliyinin bu məsələlərdə günahı və rolu olmayıb. Bu hadisəni törədən Rusiya hərbçiləri olub.

 

“Azərbaycanda gec də olsa, bu məsələyə Çeçenistan tərəfindən münasibətin bildirilməsi məqbul hesab edilir”, – deyə mənbələrdən bildirilib.

 

Xatırladaq ki, 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.

 

İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 nəfərin həyatını xilas etmək mümkün olub. Qazaxıstan Respublikasında gözlənilən qəza enişi barədə məlumat daxil olduqdan dərhal sonra zəruri qəza-xilasetmə tədbirləri həyata keçirilmiş, sağ qalanlar təxliyə edilərək tibbi yardım göstərilib.

Tacxeber.com

Oxşar xəbərlər