• 27 Fevral 2025 21:02

BDU-nun əməkdaşı ağıllı suvarma texnologiyası yaratdı: “İki stansiya hazırlamışıq”

Su qıtlığının artdığı və iqlim dəyişikliklərinin təsirlərinin daha çox hiss olunduğu müasir dünyada ağıllı suvarma sistemləri kənd təsərrüfatında səmərəliliyin artırılması və su ehtiyatlarının qorunması üçün vacib bir həll yoluna çevrilib. Texnologiyanın inkişafı ilə suvarma sahəsində də innovativ yanaşmalar tətbiq olunur və bu da fermerlərə həm məhsuldarlığı artırmağa, həm də sudan daha qənaətli istifadə etməyə imkan verir.

 

Tacxeber.com xəbər verir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin əməkdaşı “Ağıllı suvarma texnologiyasının (SmAgTech) yaradılması” layihəsinin rəhbəri Sara Rəhimzadə bununla bağlı Azərtac-ın suallarını cavablandırıb.

 

– Sara xanım, belə bir texnologiyanın yaradılması hansı zərurətdən ortaya çıxdı?

– Ümumiyyətlə, Bakı Dövlət Universitetində tələbələrin və gənc tədqiqatçıların müxtəlif layihələr üzərində çalışması üçün gözəl şərait mövcuddur. 2020-ci ildə universitetin rektoru Elçin Babayevin təşəbbüsü və dəstəyi ilə Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi yaradılıb. Həmin Mərkəzdə ötən illər ərzində bir çox layihələr icra olunub. Layihəmiz 2023-cü ildə İstanbulda və 2024-cü ildə Antalyada keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalında “Aqrar texnologiyalar” kateqoriyası üzrə üçüncü olub. Belə layihələr əsasən innovativ xarakter daşıyır və iqtisadiyyatın qarşısında duran çağırışlara cavab verməyə yönəlib. Proqnozlara görə, yaxın gələcəkdə içməli su problemi bəşəriyyətin üzləşəcəyi əsas problemlərdən biri olacaq. Keçən il Bakıda keçirilmiş COP29 tədbirində də bu barədə geniş müzakirələr aparıldı. İçməli su ehtiyatlarına görə Azərbaycan risk qrupuna daxil olan ölkələr siyahısındadır. Ona görə də biz içməli su ehtiyatlarımızdan maksimum qənaətlə istifadə etməyə məcburuq. İçməli suyun ən çox işləndiyi sahə isə kənd təsərrüfatıdır. Bu baxımdan, içməli sudan maksimum qənaətlə istifadə imkanı verən texnologiyanın yaradılması ideyası təqdim olunan “Ağıllı suvarma texnologiyasının (SmAgTech)” ortaya çıxmasına zəmin oldu.

 

– Ağıllı suvarma texnologiyasının iş prinsipi, tətbiq sahələri və ya texnologiyanın üstünlükləri barədə danışardınız?

– Bu sistem bitkilərə yalnız ehtiyac duyduqları qədər su verərək su israfını minimuma endirir və su istifadəsini daha səmərəli idarə edir. Layihənin əsas məqsədi suvarma proseslərini daha effektiv və sürətli həyata keçirmək, kənd təsərrüfatı sahəsində daha yüksək məhsuldarlıq əldə etməkdir. Layihədə uzaqdan idarə vasitəsilə əkin sahələrinin, tarlaların və istixanaların monitorinqinin həyata keçirilməsi nəzərdə tutulub. Bizim yaratdığımız ağıllı suvarma texnologiyasının iş prinsipi belədir: iki stansiya hazırlamışıq, sahə və mərkəzi stansiyalar. Sahə stansiyası əkin sahəsinə yerləşdirilir və onda olan müxtəlif sensorlar vasitəsilə müxtəlif parametrləri ölçə bilir. Həmin sensorlar, məsələn, torpağın rütubətliyi, mineral tərkibi, havanın temperaturu və sair parametrləri ölçərək nəticələri mərkəzi stansiyaya ötürür. Mərkəzi stansiyanı sahənin istənilən yerində yerləşdirmək olar. Onun üçün hər hansı məhdudiyyət yoxdur. Mərkəzi stansiya proqramlaşdırdığımız xüsusi alqoritm vasitəsilə məlumatları analiz edir və əgər suvarılmaya ehtiyac varsa, o zaman suvarma prosesi avtomatik şəkildə həyata keçirilir. Mobil tətbiq vasitəsilə bir çox parametrin, o cümlədən, torpaq nəmliyinin, temperaturun, torpaqdakı duzlaşmanın və gübrə miqdarı kimi göstəricilərin canlı izlənməsi mümkündür. Hazırladığımız qurğuda zərərvericiləri əkin sahəsindən uzaqlaşdırmaq üçün xüsusi səs sistemi də yaradılıb. Layihə çərçivəsində meliorasiya sahəsində bilik, bacarıq və təcrübəsi olan şəxslərlə müzakirələr aparılaraq sistemin təkmilləşdirilməsi üçün yeniləmələr edilib.

 

– Ağıllı suvarma texnologiyalarının Azərbaycanda kənd təsərrüfatında geniş istifadəsinin qarşısında hansı maneələr mövcuddur və bu texnologiyanın yayılması üçün hansı addımlar atılmalıdır?

-Ümumiyyətlə, nəinki Azərbaycanda, bütün ölkələrdə bu cür texnologiyaların istifadə olunmasının qarşısında 3-4 əsas problem durur. Bunlardan biri maliyyədir, çünki bu tip sistemlər çox bahalıdır. Digəri isə texniki baxım şərtləridir ki, bu tip cihazlar mürəkkəb quruluşa malik olduğundan, hər hansı texniki problem yarandıqda servisə müraciət edilməli olur və buna da vaxt sərf edilir. Bu sistemlər müxtəlif təbii şəraitlərə də davamlı olmalıdır (yəni toza, temperatura, yağışa). Bizim hazırladığımız sistem isə bu problemləri əhəmiyyətli dərəcədə həll edir. Bu qurğunun strukturu o qədər də qəliz deyil, belə ki, hər hansı texniki problem yarandıqda istifadəçi mərkəzi stansiyada olan istifadəçi interfeysi vasitəsilə problemin harada olduğunu təyin edə bilər və texniki servis çağırmadan belə problemi həll etmək mümkün olar. Ağıllı suvarma texnologiyasının əsas məqsədi odur ki, suya qənaət edilsin.

 

– Ağıllı suvarma sistemləri kənd təsərrüfatında hansı növ bitkilər üçün ən faydalıdır?

-Bu qurğu bütün növ bitliklər üçün əlverişlidir (su sevən bitkilər istisna olmaqla). Məsələn kahı, qarğıdalı, kartof, kələm əkilən sahələri yoxlamışıq və ümumi məhsuldarlığa yüksək təsir etdiyini gördük.

Ümid edirəm ki, ağıllı suvarma sistemi torpaqlarımızda məhsuldarlığın artmasına, suyun əkin sahələrində qənaət edilməsinə imkan yaradacaq.

Layihənin icrası üçün qrant çərçivəsində KOBİA-dan maliyyə dəstəyi almışıq və təbii ki, Bakı Dövlət Universiteti də bu istiqamətdə bizə hərtərəfli dəstək göstərib.

 

Tacxeber.com

Oxşar xəbərlər