• 27 Fevral 2025 18:56

“IFJ” və “EFJ” Azərbaycan hökumətinin tənqidi mediaya qarşı qəddar siyasətini pisləyib

“IFJ” və “EFJ” Azərbaycan hökumətinin tənqidi mediaya qarşı qəddar siyasətini pisləyib 

 

Hər iki təşkilat Azərbaycan hökumətinin informasiya sahəsini daha da nəzarət altına almaq məqsədilə həyata keçirdiyi son hərəkətləri pisləyir və həbsdə olan jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb edirlər

 

Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) və Avropa Jurnalistlər Federasiyası (EFJ) Azərbaycan hökumətinin tənqidi media və jurnalistlərə qarşı qəddar siyasətini qınayan bəyanat yayıb.

 

Bəyanatda bildirilib ki, Azərbaycan hökuməti daha çox jurnalisti həbs edərək və hökumətlə razılaşmayan media qurumlarının rahat işləyə bilməyəcəyi bir mühit yaradaraq təzyiqlərini davam etdirir.

Hər iki təşkilat vurğulayıb ki, Azərbaycan hökumətinin informasiya sahəsini daha çox nəzarət altına almaq məqsədilə həyata keçirdiyi son hərəkətləri pisləyir və həbsdə olan jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb edirlər.

 

Bəyanatda vurğulanıb ki, son bir neçə həftə ərzində Azərbaycan hakimiyyətinin həyata keçirdiyi repressiyalar yeni bir mərhələyə keçib, jurnalistlər Şahnaz Bəylərqızı, Nurlan Qəhrəmanlı, “Arqument az” saytının baş redaktoru Şəmşad Ağa həbs olunub və “BBC News”un Bakı ofisi bağlanıb.

Vurğulanıb ki, “Abzas Media”, “Toplum TV” və “Meydan TV”yə qarşı aparılan üç əsas cinayət işi çərçivəsində 25-dən çox media işçisi həbsdədir. Onların əksəriyyəti xarici valyuta qaçaqmalçılığı iddiaları ilə həbs olunub.

 

Təşkilatlar “BBC News Azərbaycanca”dan başqa, “Sputnik Azərbaycan”ın heyətinin sayının bir nəfərə endirilməsi, ABŞ-nin maliyyələşdirdiyi “Amerikanın Səsi” radiosunun müxbir akkreditasiyasının ləğvindən də bəhs ediblər.

1990-cı ildən Azərbaycanda fəaliyyət göstərən “Turan” xəbər agentliyi davamlı maliyyə çətinlikləri səbəbindən fəaliyyətini dayandırdığını elan etsə də,  agentliyin direktoru Mehman Əliyevin “OC Media”ya verdiyi açıqlamada bağlanmanın “siyasi sifariş” olduğunu bildirdiyi də bəyanatda yer alıb.

 

“Hökumət tənqidi səsləri sistemli şəkildə susdurur, elə bir mühit yaradır ki, bəzi media qurumları artıq normal fəaliyyət göstərə bilmir. Ölkədə demək olar ki, jurnalist qalmayıb və maliyyə mənbələri tükənib. Aydındır ki, hökumət bütün müxalif fikirləri tamamilə məhv etməyə çalışır. Biz Azərbaycanda jurnalist fəaliyyətinə görə ədalətsiz şəkildə həbs edilən və təqib olunan bütün jurnalistlərin dərhal azad olunmasını tələb edirik”,  –  “EFJ”-nin Baş katibi Rikardo Qutyerres bildirib.

 

“IFJ”-nin Baş katibi Entoni Bellancer də Azərbaycan hökumətini müstəqil jurnalistlərə və mediaya qarşı təzyiqləri dayandırmağa çağırıb.

“Biz ölkədə fəaliyyət göstərən müstəqil jurnalistləri və tənqidi səsləri susdurmağa və daha da məhdudlaşdırmağa yönəlmiş repressiya dalğasının şahidi oluruq. Azərbaycan hakimiyyəti media işçilərini hədəf almağı dayandırmalı və ədalətsiz şəkildə həbs edilmiş bütün jurnalistləri dərhal azad etməlidir”, – Entoni Bellancer vurğulayıb. (AbzasMedia)

 

Tacxeber.com

Oxşar xəbərlər