Hücumlar zamanı dövlət əhəmiyyətli məlumatlar sızdırılıb? – Açıqlama
Xəbər verdiyimiz kimi, son günlərdə Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücumlar edilir. Açıqlamalarda qeyd olunur ki, bu DDoS hücumudur.
Tacxeber.com xəbər verir ki, texnobloger Fərid Pərdəşünas DDoS hücumunun mahiyyətinə aydınlıq gətirib:
“Bu hücumun əsas məqsədi hədəfə alınan sayta çox sayda IP (botnet şəbəkədən) yönəltməklə, saytı yükləmək və əlçatanlığını dayandırmaqdır.
Yəni bu hücumlar nəticəsində serverlərə giriş, məlumatların oğurlanması və çıxarılması baş vermir. Son 2 gündə olan hücumlar da məhz dediyim DDoS növündəndir. Bəzi media qurumları xəbəri doğru tirajlamırlar və elə anlaşılır ki, dövlət əhəmiyyətli məlumatlar sızdırılıb”, – deyə o əlavə edib.
Qeyd edək ki, son günlərdə AzTV, ASAN Xidmət, Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və 25-dən çox dövlət qurumunun rəsmi saytları kütləvi DDOS hücumlarına məruz qalıb.