• 01 Mart 2025 03:57

Paradoks – Cəmil Həsənli

Azərbaycan hakimiyyəti öz ölkəsindən 30-dan çox jurnalisti saxta xaricdən dəstək, qaçaqmalçılıq ittihamla həbs edib, müxalif və müstəqil mətbuat orqanların bloklayıb, Abzas Media, Toplum tv, Meydan tv. kimi media qrumlarının əməkdaşların kollektiv şəkildə Kürdəxanıya göndərib, ADA Universiteti Fransanın dənizarxası ərazilərinin (Yeni Kaledonya, Sen Martin, Qvadelupa, Fransız Qvianası) media nümayəndələri üçün təlim kursları keçirir. Bunun adı nədir? Bu həmin ölkələrinin mətbuat orqanlarının xaricdən idarə olunması, xaricdən təlimatlandırılması deyilmi? Bu “peşə hazırlığına” gələn jurnalistlərin, media nümayəndələrinin yol, hotel, gündəlik yaşamaq xərcini kim çəkib? Öz ölkəsində mətbuatı və azad sözü təqib edən, jurnalistləri kütləvi şəkildə həbs edən bir ölkə bunu nəylə əsaslanırır. Paradoks!

 

Deməli, bu günlərdə “Freedom House” insan haqları təşkilatı 2024-cü il üçün hesabatı açıqlayıb. Hesabatdan görsənir ki, azadlıq və insan haqları göstəricilərinə görə Azərbaycan Belarus, Myanma, Əfqanıstan, Tacikistan, Şimali Koreya, Türkmənistan kimi ölkələrlə birlikdə pis ölkələr sırasındadır və son 11 ildə 13 bal geri gedərək bu vəziyyətə düşür.

Hesabatdan o da aydın olur ki, Bakıda jurnalist təliminə cəlb edilən Fransa dənizarxası ölkələri azadlıq, mətbuat və insan haqları göstəricilərinə görə Azərbaycandan dəfələrlə yaxşı vəziyyətdədir.

Son bir neçə gün ərzində ölkənin müstəqil informasiya qurumu olan “Turan” Agentliyi öz fəaliyyətini dayandırdı, hökumət BBC-nin Bakı ofisini qapatdı, “Amerikanın səsi”nin Azərbaycanda fəaliyyətinə xitəm verildi. İndi Azərbaycan “Soyuq müharibə” dövrünün informasiya blokadası dövrünə qayıtdı, “Az aşım, ağrımaz başım” meyarı ilə alternativ informasiya mənbələrini sıradan çıxardı. Eyni ilə Sovet dövründə olduğu kimi.

Öz ölkəsində sosial-siyasi vəziyyəti yaxşılaşdırmaq əvəzinə Sovetlərin işi-gücü xarici radio səsləri vurmaq, onlrı dinləyənləri təqib etmək idi. SSRİ-nin ideoloji baxımdan ən gövrək regionları sayılan Baltikyanı və Cənubi Qafqaz ərazilərində güclü səsböğucu qurğular inşa edilmişdi. Xüsusi ilə 1968-ci ilin Praqa hadisələrindən sonra bu iş daha da gücləndirildi. Amma faydası olmadı.

1960-cı ilin iyun ayında Azərbaycan KGB-si Qərb radiosəslərə, caz və stilyaqlara qarşı xüsusi müşavirə keçirdi. Şöbə müdiri kimi Heydər Əliyev də orada geniş məruzə etdi. Dedilər ki, biz bunların axırına çixmasaq bunlar bizim axırımiza çıxacaq. Amma nə cazın, nə stilyaqaçılığın, nə də xarici radiosəslərin qarşısını almaq mümkün olmadı. Bütun 60-70-ci illərdə KGB Torqovıda “oblava” keçirəndə məlum oldu ki, stilyaqa şalvar geyib caza qulaq asanlar elə öz usaqlarıdır. İndi də olmayacaq. Azərbaycanın müstəqillik qazanmasında “Azadlıq” radiosunun, BBC-nin, “Amerikanın səsi”nin böyük rolu oldu. Qanlı yanvar günlərində Mirzə Xəzərin “Azadlıq” radiosundan eşidilən titrək səsi hələ də adamların qulağındadır. İndi isə ölkəni müstəqil şəkildə talamağa mane olan radiosəsləri, media qurumlarını qapadırlar, jurnalistləri saxta ittihamlarla kütləvi şəkildə həbsə atırlar.

Azərbaycan hakimiyyəti SSRİ-nin yolunu gedir. Ölkənin sosial həyatını, rifahını yaxşılaşdırmaq, demokratik təsisləri genişləndirmək, insan haqları və hüquqlarına hörmətlə yanaşmaq, korrupiya, büdcə talançılığı və kleptokratiyaya son qoymaq əvəzinə bunları ictimai müzakirəyə çıxaran səsləri boğur, sözün ağzına qıfıl vurur,alternatif informasiya mənbələrini qapadır, aləmi mədəniyyətə zidd olan vücudun olduğu kimi göstərən güzgünü sındırır, qapalı cəmiyyət yaradır.

 

Cəmi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər