• 01 Mart 2025 16:59

Zelenski 2-ci dəfə tarix yazdı. Bundan sonra nələr ola bilər ?

Zelenski 2-ci dəfə tarix yazdı. Ağ evdə, ABŞ prezidentinə həddini bildirməklə yanaşı bütün media qarşısında Trampın nüfuzunu darmadağın etdi. 

 

Bu addımı son dərəcə cəsarətli addım olsa da, son dərəcə risklidir. Trampın ən böyük iddiası olan müharibəni dayandırmaq Zelenskinin küncə sıxışdırılması və onu güzəştlərə vadar etməsi üzərində qurulmuşdu. Bu gün Zelenski, Trampın nə qədər yanlış düşündüyünü həm ona, həm də bütün mediaya göstərdi. Amerika ilə razılışdırılmış qiymətli materiallarla bağlı sövdələşməni imzalamayaraq, Ağ evi tərk etdi. Kiçik və zəif bir dövlətin rəhbərinin Ağ evdə, media qarşısında hər fürsətdə özünü öyən birinə qarşı bunu etməsi Trampın üzünə sərt formada çəkilmiş silləyə bənzədi.

 

Hadisələr aşağıdakı istiqamətdə inkişaf edə bilər.

 

1. ABŞ Ukraynaya qarşı sərt tədbirlər həyata keçirərək Zelenskini cəzalandırmağa çalışacaq. Trampın “sən amerikan xalqına qarşı hörmətsizlik edirsən” kimi fikirləri sanki bu siyasət üçün bəhanə yaratmağa hesablanmışdı. Nəticədə, Ukraynada vəziyyət daha da ağırlaşacaq, Rusiya irəliləyəcək. Aparılacaq propoqanda nəticəsində Zelenskiyə qarşı daxildə inamsızlıq artacaq və Zelenski hakimiyyətdən devriləcək. Bunun baş vermə ehtimalı daha çoxdu.

 

2. Birinci ssenari indi yazacaqlarımı tətikləyə bilər və 1-ci ssneraninin ehtimalını azaldacaq. Rusiyanın irəliləməsi isə Avropanı birləşdirəcək. Avropanın ən böyük ptoblemi birləşə bilməməsidir. Amma vahid düşmən qarşısında bu çətinlik aradan qalxa bilər. Birləşmiş Avropa isə Putinin kabusudur. Avropanı parçalamaq və zəiflətmək üçüm Putin milyardlar xərcləmişdi. Amma indi Trampa görə bu dövlətlər vahid səslə çıxış etmək məcburiyyətini hiss edirlər. Əgər Avropa qısa zamanda bu problemi həll edə bilsə, Tramp və onun Putini xilas edəcək sülh planı suya düşmüş olur. Bəli, Avropa zəifdi, çünki hər zaman ABŞa güvənib. Amma Rusiya da tükənmək üzrədir və 3 ildir Ukrayna əskərlərinə qalib gələ bilmir. İqtisadiyyatı çat verir, texnikası tükənir, neft emalı zavodları 1-1 sıradan çıxır.

 

3. Tramp nəinki demokratların içində, hətta respublikaçıların arasında da ciddi rəqiblər qazanır. Bu insanlar getdikcə çoxalır. Tramp, eyni zamanda dünyanın yarısına qarşı vergi müharibəsinə başlayıb. Bu müharibə milyaderləri daha varlandırsa da, sıravi amerikalıların vəziyyətini daha da ağırlaşdırır. Çünki ABŞ iqtisadiyyatının əsas problemi digər ölkələrdən gələn ucuz məhsullar deyil ki, vergi ilə problem həll olunsun. ABŞ iqtisadiyyatının ən böyük problemi Trampın rəhbərlik etdiyi siyasi institutlardan doğur. Bu haqda sonra yazaram. Amerikaya gələn məhsullara vergi qoymaq o məhsulların dəyərinin ABŞ alıcısı üçün artması deməkdir. Yəni bu, sadə vətəndaşın cibinə girmək deməkdir. Bu da populizmlə hələ ki beyni yuyulan sıravi insanları gələcəkdə özünə qarşı çevirə bilər.

 

Əgər Rusiya-Ukrayna məsələsində Zelenski Avropanı səfərbər edə bilsə, ABŞ kənarda qalsa bu Trampın nüfuzuna ciddi zərbə endirməklə yanaşı, onunla qarşıdurmadan çəkinənlərə ciddi cəsarət vermiş olacaq. Bu zaman Trampın əzbəri pozulur və yaratdığı köpük yox olmağa başlayacaq. Amerika hətta vətəndaş müharibəsinə gedə bilər. Çünki Tramp, bu ölkənin bütün institutsional sütunlarına qarşı savaş açıb.

 

Əgər Zelenski təzyiqlər qarşısında sağ qala bilsə, proseslər bu istiqamətdə inkişaf edə bilər.

 

Nahid Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər